Yasamal rayonu, "İnşaatçılar" metrostansiyası yaxınlığında, Şərifzadə küçəsi, 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük avtomobillərinə yığılması ilə bağlı informasiya yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi məsələsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev BakuPost.az-a açıqlamasında bildirib ki, həmin ərazidə dövlət əhəmiyyətli obyekt tikildiyi üçün quru ağacların kəsilməsinə, bəzi ağacların isə budanmasına icazə verilib: "Nazirlik hər zaman ağackəsənlərə qarşı sərt tədbirlər görür. Lakin bəzi istisna hallarda Nazirliyin mütəxəssisləri və müvafiq orqanların əməkdaşlarının iştirakı ilə ağacların kəsilməsinə icazə verilir. Şərifzadə küçəsində də dövlət əhəmiyyətli strateji öbyekt tikilir. 5 mərtəbəli binalar sökülür və yerində yeni hündürmərtəbəli evlər tikilir. Nazirliyin də nümayəndələri ərazidə olub. Ora mütəxəssis cəlb olunmaqla, ayrı-ayrı qurumların nümayəndələrinin də iştirakı ilə istisna hal kimi ağacların kəsilməsi və budanması, köçürülməsi məsələsinə baxılıb. Bununla bağlı rəy verilib. Bəzi quru ağacların kəsilməsinə, bəzi ağacların budanmasına icazə verilib”.
Nazirlik rəsmisi qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsinə qarşı həmişə tədbirlər görür: "Bununla bağlı ayrı-ayrı təqsirkar şəxslərə çoxsaylı cərimə və sanksiyalar tətbiq edir. Son dövrlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni qaydalar hazırlanıb, təsdiq olunub və hazırda da həmin qaydalar tətbiq edilir. Həmin qadalara əsasən ağacların və kolların kəsilməsinə görə ciddi ziyan məbləği müəyyənləşdirilib, 1000 manatdan yuxarı cərimələr də tətbiq edilib. Prokurorluq orqanlarına mürtaciət edilib”.
***
17:12
Yasamal rayonu, "İnşaatçılar" metrostansiyası yaxınlığında, Şərifzadə küçəsi, 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük avtomobillərinə yığılır.
Oxu.Az BakuPost.az-a istinadən xəbər verir ki, yerli sakinlər FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat versələr də, hələ heç bir tədbir görülməyib.
Sakinlərin sözlərinə görə, ünvanda 2 köhnə binanın sökülməsi, yerində yeni göydələnlərin tikilməsi gözlənilir. Çox güman ki, ağacların kəsilməsinin səbəbi də bu tikinti ilə bağlıdır.