İyunun 8-də “Azərkitab” Oxu Təqdimat Mərkəzində “Təqaüdə çıxmış insanların asudə vaxtlarının təşkili” sosial layihəsi çərçivəsində stresin idarə olunması üzrə psixoloji təlimlər keçirilib.
Oxu.Az-ın məlumatına görə, layihə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə “Ailələrin inkişafı üzrə maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi yaşlı insanların cəmiyyətdə fəal iştirakı və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaratmaqdır.
Təlimi psixoloqlar Samirə Axundova və Günel Əliyeva keçiriblər. Psixoloq-qeştalt terapevt Samirə Axundova çıxışı zamanı yaşlı insanların stresə daha çox meyilli olduğunu və hər şeyi daha dərin və ağır yaşadıqlarını bildirib:
“Bu mövzuda çox sayda araşdırmaya baxmayaraq, stressorların yaşlı insanlara, sağlamlığına təsirləri tam olaraq aydınlaşmır. Xatırlatmaq lazımdır ki, stres təkcə emosional və psixoloji deyil, insanın fiziki sahəsini də zəbt edir”.
Ailə psixoterapevti Günel Əliyeva əlavə edib ki, ailəsi və nəvələri ilə birlikdə yaşayan bir çox ahıl insanlar üçün ailə münasibətlərinin psixologiyasının əsaslarını bilmək vacibdir:
“Sağlamlığı məhv edən lazımsız konfliktdən, mübahisədən, küsgünlük və qalmaqaldan yayınmaq üçün nə kömək edə bilər, bunu bilmək əsasdır”.
Təqaüdə çıxmış insanların problemləri siyahısında yer alan əsas məsələlərdən bəziləri - psixoloji və emosianol problemlər, əhatəsində olan insanlarla konfliktlər, şəxsi həyatda yaşanan xoşagəlməz hallar, özünə dəyər verməməkdir.
Tədbirə qatılan 50-yə yaxın 60- 80 yaş arası insanlar arasında təqaüdə çıxmış qadınlar üstünlük təşkil edirdilər. Təlim iştirakçıları kəskin stres vəziyyətində ilk yardım üçün praktiki tövsiyələrlə məlumatlandırıldılar.
Növbəti təlim 20 iyun “Ailədə münasibətlər” mövzusunda baş tutacaq.
Qeydiyyat üçün: 0503654571.