Bakının Sabunçu rayonunda hava limanından şəhər istiqamətində gedən yolda bir nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qəza zamanı Samir Səlimovun idarə etdiyi mikroavtobusla əks istiqamətlə hərəkət edən motosiklet toqquşub.
Qəza nəticəsində başı bədənindən ayrılan motosikletin sürücüsü hadisə yerində faciəli şəkildə dünyasını dəyişib.
Hadisədən sonra ərazi polislər tərəfindən nəzarətə götürülüb və qəza yeri müayinədən keçirilib. Sabunçu rayon polis idarəsindən verilən məlumata görə, dünyasını dəyişən motosiklet sürücüsünün üzərindən heç bir sənəd tapılmadığından hələlik onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Onun təxminən 25-30 yaşlarında kişi olduğu bildirilir. Həmçinin motosikletin dövlət qeydiyyat nişanının olmaması polisləri işini bir qədər də çətinləşdirib.
Hadisə yeri müayinədən keçiriləndən sonra isə mərhumun meyiti ekspertizadan keçirilməsi üçün morqa aparılıb.
Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri istintaq və təyin edilən ekspertizanın yekun rəyindən sonra məlum olacaq.