Bakıda "Atəşgah" restoranında xarici turistlərə hesabın normal qiymətdən artıq təqdim edildiyi iddia olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, turistin iddiaları nəzarətə götürülüb.
Belə ki, hadisə polis tərəfindən araşdırılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.
Məsələ ilə bağlı həmin turist bir daha açıqlama verərək öz təşəkkürünü bildirib: "Videoya verilən reaksiyaya görə, təşəkkürümü bildirirəm. Sözügedən videoda Azərbaycanın və bu ölkənin xalqı barəsində pis fikir səsləndirməmişəm. Azərbaycanın gözəl, çiçəklənən və mədəni ölkədir. Burada çox xeyirxah insanlar yaşayırlar. Pis millət yoxdur, bu cür səhvlərə yol verən insanlar var. Hər hansı bir insanın səhvinə görə, bütün milləti mühakimə etmək olmaz. Azərbaycan gözəl təbiəti və memarlığı, dadlı yeməkləri, meyvələri, mehriban insanları ilə zəngindir. Azərbaycan çox xoşuma gəldiyinə görə buraya neçə səfər etmişəm. Azərbaycan mənim ikinci evimdir".
Xatırladaq ki, həmin restoranda turistlərə yeməyin qiymətinin menyuda göstəriləndən iki dəfə artıq tələb olunduğu bildirilmişdi.