Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı 850-dən çox insan saxlanılıb. Ölkə üzrə isə radikalların törətdiyi dağıntılar və kütləvi talançılıq halları kəskin şəkildə artım göstərir.
Oxu.Az bu barədə BFMTV və "France 24" telekanallarına istinadən xəbər verir.
Məlumata əsasən, paytaxtda nümayişçilərlə polis arasında baş verən şiddətli toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar - Parisdə 13 polis və iki yanğınsöndürən yaralanıb. Aksiya iştirakçılarından birinin isə səhhəti qəfil pisləşib və o, təcili tibbi yardım şöbəsində vəfat edib.
Digər tərəfdən, Limoj şəhərində radikallar tərəfindən od vurulan meriya binasının zəng qülləsi çöküb. Bu insidentlə əlaqədar 17 nəfər saxlanılıb.
Etiraz aksiyalarının ardınca çaxnaşmadan istifadə edən cinayətkarlar Marsel şəhərində zərgərlik salonlarını, brend geyim və kosmetika mağazalarını, eləcə də çörəkxanaları dağıdıblar.
Lill şəhərində talançılar "Apple" mağazasına soxulublar, Nitsada isə idman geyimləri dükanları və motosalonlar talan edilib. Bir çox küçələrdə isə etirazçıların ələ keçirdikləri oğurlanmış malları küçələrə səpələdikləri və vitrinləri kütləvi şəkildə sındırdıqları müşahidə olunub.