Hindistanın Qvalior şəhərində yük avtomobilinin zəvvar qrupuna çırpılması nəticəsində azı 12 nəfər həlak olub, onlarla insan yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəisi Dharmvir Sinqh bildirib.
"Əldə olunan məlumata görə, xəstəxanaya 39 nəfər çatdırılıb. Onlardan 12-si vəfat edib, 5 və ya 6 pasiyent sınıq xəsarətləri ilə kritik vəziyyətdədir. Qalanları isə yüngül xəsarətlər alıblar və hazırda müalicə olunurlar", - deyə polis rəisi qeyd edib.
Hadisə bazar gününə keçən gecə Qvalior şəhərində zəvvarların toplandığı Şitala-Mata məbədinin yaxınlığında baş verib. Düyü daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi polisin qoyduğu çəpərləri yararaq dik enişdən aşağı yuvarlanıb və insanlara, eləcə də məbədin giriş qapısına çırpılıb.
Zərbənin gücündən darvaza divarının bir hissəsi uçub və bir neçə nəfər dağıntılar altında qalıb. İlkin istintaqın nəticələrinə əsasən, qəzaya yük maşınındakı texniki nasazlıq səbəb olub.