Bakının mərkəzi hissəsində içməli su borusu partlayıb.
Bu barədə Oxu.Az-a Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 64 saylı binanın sakinləri müraciət ediblər.
Məlumatda bildirilir ki, hadisə təxminən 15 gündür baş verib:
"15 gün əvvəl binanın qarşısından keçən su xətti partlayıb. Binanın qarşısı və zirzəmisi su ilə dolub. Rəsmi qurumlara dərhal məlumat vermişik. Amma heç bir tədbir görülmür. Bir həftə əvvəl bir qrup gəlib baxdı və dedilər ki, onlar yalnız kanalizasiya xətlərinə nəzarət edirlər. Dedilər ki, Nərimanov Rayon Sukanal İşarəsi nəzarət edir. İdarənin rəisi Şakir müəllimə neçə gündür zəng edirik. Nə bizim zəngimizə cavab verir, nə də problemi aradan qaldırır. Artıq binanın qarşısı da su ilə dolub. Şəhərin mərkəzində yaşayırıq, amma evimizdən küçəyə çıxa bilmirik".
İri Şəhərlərin Su Təchizatı Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Nərimanov Sukanal İdarəsinə məlumat verilib:
"Sözügedən ünvanda yerləşən bina MTK-dır. Məlum olduğu kimi, MTK-larda su və tullantı su təchizatı üzrə nəzarət suyun binanın daxili anbarına qədər olan hissəsini əhatə edir. Binanın daxili şəbəkələrinin istismarı və həmin şəbəkələrdə yaranan problemlərin aradan qaldırılması və sair MTK-nın məsuliyyətinə daxildir. Həmin ünvandakı problem də məhz MTK-nın daxili şəbəkəsində baş verib. Lakin buna baxmayaraq, abonentlərə köməklik məqsədilə Nərimanov Sukanal İdarəsinə məlumat verilib, əməkdaşlar tərəfindən binaya baxış keçiriləcək, müvafiq işlər görüləcək".