Bir müddət əvvəl Bakının məşhur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, “Bazarstore”da ona xarab ərzaq satıblar.
Xanım alıcı Criminal.az saytına açıqlamasında bildirib ki, noyabrın 29-da “Bazarstore”un Əhmədli qəsəbəsindəki mağazasından “Ağ Amur” balığı (Беламур) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub.
Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başlayıb. Baxmayaraq ki, balığın pis qoxusu yox idi, amma çox acı dadırdı. Həmin balığı müayinə üçün Respublika Baytaqlıq Laboratoriyasına təhvil verib. E.Şıxamirova bildirib ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb.
Supermarket rəhbərliyi isə bu iddia ilə razılaşmayaraq, xarab olduğu deyilən balıq məhsulundan mağazada tonlarla satıldığını və heç bir şikayətin gəlmədiyini bildirib.
Hadisədən 2 aya yaxın bir müddət keçəndən sonra “Bazarstore” supermarketi müştərisi olan Esmiralda Şıxamirovadan 100 min manat almağa hazırlaşır.

Bu barədə Esmiralda Şıxamirova öz “Facebook” səhifəsində, ona məhkəmə tərəfindən iddia ərizəsi göndərildiyini bildirib.
İddia ərizəsindən göründüyü kimi, supermarket vətəndaşdan 100 min manat cərimə almaq niyyətindədir.


A.M.