"Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri aparılır, digər infrastruktur obyektləri ilə yanaşı ümumi və məktəbəqədər təhsil müəssisələri də yenidən qurulur".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən açıqlama verilib.
Qeyd olunub ki, proses çərçivəsində məcburi köçkün məktəblərinin bir qisminin mərhələli şəkildə öz doğma bölgələrində fəaliyyətinin bərpa edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
"Belə müəssisələrin gələcək fəaliyyəti hər bir hal üzrə ayrıca qiymətləndirilir: mövcud şagird kontingenti, yerləşmə imkanları, yaxınlıqdakı ümumi təhsil müəssisələrinin tutumu və faktiki ehtiyac nəzərə alınmaqla, zərurət olduğu halda həmin müəssisələrin bazasında yeni ümumi təhsil müəssisəsi yaradılır. Bu halda məktəbin pedaqoji, inzibati və texniki heyəti mövcud ştat vahidləri çərçivəsində fəaliyyətini davam etdirir. Digər hallarda isə müvafiq məktəblər üzrə optimallaşdırma tədbirləri həyata keçirilir. Bu zaman ilk növbədə həmin məktəblərdə təhsil alan şagirdlərin yaşayış yeri, yaxınlıqda yerləşən məktəblərin qəbul imkanları və mövcud məktəb şəbəkəsi nəzərə alınmaqla onların digər ümumi təhsil müəssisələrinə yerdəyişməsi təmin olunur. Optimallaşdırılan müəssisələrdə çalışan işçi heyətlə bağlı məsələlər mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Müəllimlərə ixtisaslarına uyğun mövcud vakansiyalar üzrə iş təklif olunur. Direktor və direktor müavinlərinin də mövcud imkanlar çərçivəsində digər müəssisələrdə müvafiq vəzifələrə yerləşdirilməsi məsələsi nəzərdən keçirilir və müvafiq qərarlar qəbul edilir. Qeyd edirik ki, əmək münasibətlərinə dair məsələlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənir".
Bakıda və Abşeron rayonunda fəaliyyət göstərən işğaldan azad edilmiş rayonlara aid bir sıra məktəblərin bağlanacağı iddia olunur.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub.
Qeyd olunub ki, Qubadlı, Laçın, Zəngilan və digər işğaldan azad edilmiş rayonlara məxsus məktəblərin fəaliyyətinin dayandırılması, həmin müəssisələrdə təhsil alan şagirdlərin və çalışan müəllimlərin isə yaxınlıqda yerləşən yerli məktəblərə köçürülməsi nəzərdə tutulur.
Lakin məktəblərin rəhbər heyətinin- direktor və müavinlərin digər məktəblərə avtomatik qaydada köçürülməsi nəzərdə tutulmaya bilər. Onların müvafiq vəzifələrə təyin olunmaq üçün yenidən imtahan verməli olacaqları da iddia edilir.
Hələlik məktəblərin birləşdirilməsi ilə bağlı qərarın hansı təhsil müəssisələrini əhatə edəcəyi, prosesin nə vaxt başlanacağı, direktor və müavinlərin gələcək fəaliyyəti barədə rəsmi təsdiqlənmiş məlumat təqdim edilməyib. Onların iş yerlərinin necə müəyyənləşdiriləcəyi, əmək münasibətlərinin hansı qaydada tənzimlənəcəyi müəyyən suallar yaradıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.