Almaniya Xarici İşlər Nazirliyi Almaniyadakı Yəhudilər Mərkəzi Şurasının sədri Yozef Şuster və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Volker Bekə qarşı planlaşdırılan sui-qəsd cəhdləri barədə məlumatların üzə çıxması ilə əlaqədar İranın Berlindəki səfirini nazirliyə çağırıb.
Bu barədə Oxu.Az Almaniya XİN-in "X" sosial şəbəkəsində yayımladığı bəyanata istinadən xəbər verir.
"Almaniyada və ya başqa hər hansı bir yerdə yəhudilərin, eləcə də onların hüquqlarını müdafiə edən şəxslərin həyatına təhlükə yaradılmasına göz yummayacağıq. Volker Bek və Yozef Şusterə qarşı planlaşdırılan məkrli hücum cəhdləri mütləq hüquqi müstəvidə cavabını tapacaq. İranın bu fəaliyyətini kəskin şəkildə qınayırıq", - deyə bəyanatda vurğulanır.
Xarici siyasət idarəsindən bildirilib ki, İran səfiri bu gün Almaniya XİN-ə çağırılıb. Eyni zamanda, nazirlik Berlinin əvvəllər də İran Silahlı Qüvvələrinin elit qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsinə çalışdığını xatırladıb.
Məlumata görə, oktyabrın 15-də Hamburqun Ali Əyalət Məhkəməsi İranın xeyrinə casusluq fəaliyyətində, eləcə də ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və yanğın törətməyə görə Danimarka təbəəsi və Əfqanıstan vətəndaşını uzunmüddətli həbs cəzasına məhkum edib. İş üzrə əsas təqsirləndirilən 54 yaşlı Əli S. səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun 43 yaşlı əlbiri Təvab M. isə dörd il yarım həbs cəzası alıb.
Hamburq məhkəməsi Danimarkada yaşayan hər iki şəxsin Şuster və Bekə qarşı izləmə həyata keçirdiyini sübuta yetirilmiş hesab edib. Əlavə olaraq, 54 yaşlı kişi Berlindəki ərzaq mağazasını yandırmağa hazırlıq görüb. Almaniya Baş Prokurorluğunun məlumatına görə, əfqan əsilli 54 yaşlı Danimarka vətəndaşı təlimatları birbaşa SEPAH-ın "Əl-Qüds" xüsusi təyinatlılarından alıb.
2025-ci ilin mayında Əli S. başqa bir şəxs üçün silah tapmağa və onu Bekin qətlini törətməyə təhrik etməyə hazır olduğunu bildirən Təvab M. ilə əlaqə qurub. Hər iki şəxs 2025-ci ildə Almaniyanın sorğusu əsasında Danimarkanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq alman tərəfinə təhvil veriliblər. O vaxtdan bəri onlar istintaq təcridxanasındadırlar.