Qan Turalı yazır...
Bu yazı kimlərisə ittiham etmək, səhv çıxarmaq üçün deyil. Bəlkə onun üçündür ki, Mirzə demiş, papağımızı qabağımıza qoyaq, bir az öz əhvalımıza tamaşa edək, özümüzə qıraqdan baxaq.
Bu cümləyə fikir verin: “Telefonu əlinizə götürəndə qarşınızda oturan adama yox, telefona baxırsınızsa: bir insanın gözlərinə baxmaqdan çox əlinizdəki telefona baxırsınızsa, demək, səhv yoldasınız”.
Maraqlı fikir kimi görünür. Amma bu fikri daha maraqlı edən onu deyənin kimliyidir. Tim Kuk deyib bunları. “Apple” firmasının rəhbəri.
Adama bir az riyakarlıq kimi gəlir, lakin görün fikrini necə davam etdirir: “Hər gün minlərlə bildiriş alıram. Bunlarla məşğul oluram. Bu bildirişlər həyatımı mənalandırmır. Bu bildirişlər məni daha yaxşı adam etmir. Buna görə bildirişləri azaltmaq lazımdır”.
Bildirişləri azaltmaq! Dünyanın texnologiya sektoruna hökm edən şirkətin rəhbəri belə danışır. Biz isə daim əlimizdəki telefonla məşğuluq. Sosial media bizə dünyadan da maraqlı olub. Görəsən, niyə? Vay o adamın halına ki telefonu həyatından maraqlıdır.
Amma ki... Çoxumuz belə deyilikmi? Öz dünyamızdan qaçıb başqa - virtual dünyaya sığınırıq. Orada xoşbəxtlik axtarırıq. Süni təsəllilər, saxta alqışlar, boğazdanyuxarı təriflər axtarırıq. Halbuki nə qədər çətin olsa belə, təsəllilərlə ovunmaqdansa, öz həyatımızı mənalandırmaq gərək idi... Yəqin gec də deyil...
Gəlin, Böyük Britaniyada 1500 yeniyetmə və gənc arasında aparılan bir elmi araşdırmanın nəticəsinə baxaq. Bu yaş qrupunun ruhi sağlamlığı üçün ən təhlükəli faktor sosial mediadır. Sosial mediadan istifadə psixoloji narahatlıqları və depressiyaları artırır.
Bir də “Apple”, “Microsoft”, “Windows” kimi nəhənglərin rəqibi olan “Linux”un qurucusu Linus Torvaldsın dediklərinə baxaq:
“Texnologiya sənayesinin üzləşdiyi ən böyük problemlərdən biri sosial mediadır. “Twitter”, “Facebook” ve “Instagram”a nifrət edirəm. Onlar xəstəlikdir və insanları mənfi davranışlara sövq edirlər”.
Torvalds sosial media əleyhdarlığının liderlərindən biridir və belə deyir: “Like” ovuna çıxan adamlar heç bir əxlaqi dəyər tanımırlar. Buna heç bir nəzarət yoxdur. Ən keyfiyyətsiz, ən mənasız paylaşımlar milyonlarla “like” alır. Keyfiyyəti vecinə alan yoxdur”.
“İnstaqram yumurtasını” xatırlayaq. Adi yumurta fotosu 54 milyon “like” almışdı. Bu aksiyanın məqsədi “Instagram”da gərəksiz məzmunların çox “like” almasına etiraz etmək məqsədi daşıyırdı.
Çoxumuzun sosial mediadan tanıdığı Mövlanə Cəlaləddin Rumi nə deyirdi: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”.
Sosial mediada başqa adamıq, orada olduğumuz kimi görünmürük... Orada hamının başqa şəxsiyyəti var. Orada hamı ağıllıdır, gözəldir, “cool”dur, cəsurdur, mədənidir, qadın hüquqlarının tərənnümçüsü, heyvan haqlarının müdafiəçisidir, teatr heyranıdır, kinomandır, kitab qurdudur, əxlaqlıdır... Nə qədər sayaq...
Bütün bunların hamısı gözəldir. Hamısı qəşəngdir. Hamısı... Ancaq həyatda olanda... Ancaq gerçək olanda... Gerçək olmayanda bütün bu virtual oyunlar, bütün bu saxtalıqlar sadəcə olaraq riyakarlıq təsiri bağışlayır.
Məhz buna görə də bildirişləri azaltmaq lazımdır!!!
Məhz buna görə gözəl yaşamaq gərək...