Qan Turalı yazır...
1950-ci illər. Kənd qızıdır. Şəhərdə neftçi işləyən həmkəndlisi fəhləyə ərə gedib. Neftçi işdədir, xanım yemək hazırlayır. Radioda “Küçələrə su səpmişəm” çalır. Xanım tez gedib radionu söndürür. Yox, bu mahnı onun yadına hansısa kədərli bir hadisəni salmır. Axşamı, ərinin gəlməsini gözləyir. Ona süfrə açır, stola yemək qoyur. Yeməkdən sonra çay gətirir. Sonra radionu açır. Radioda “Xəbərlər” gedir. Xanım doluxsunur. Əri təəccüblənir. Xanım kövrəlir: “Sənin üçün mahnı saxlamışdım”. Əri onu qucaqlayır.
Bu əhvalatı lap çoxdan o xanım danışmışdı. İndi yoxdur... “İndi o sevgilər yoxdur” demək, bəlkə, işin asanına qaçmaqdır, amma “indi o cür saf sevgilər yoxdur” demək, bəlkə, daha doğrudur... Hərçənd mövzumuz bu deyil. Növbəti hekayə ilə davam edək...
İl 1943. Amerika. Edvin Land alim və ixtiraçıdır. Ailəsini başına yığıb foto çəkir. Üç yaşlı Cennifer foto çəkilən kimi özünə baxmaq istəyir. Amma bu, mümkün deyil, plyonka yuyulmalı, sonra isə çap edilməlidir. Amma üç yaşlı uşağın arzusu atasının xəyallarını məşğul edir. Otağına qapanıb çalışır. Və ilk Poloroid markalı fotoaparatlar belə yaranır. 1948-ci ildə Poloroid markalı fotoaparatların kütləvi istehsalına başlanılır.
İndiki uşaqların yadına gəlməz. Bu fotoaparatlar dərhal çəkdiyini fotonu çıxarırdı. O zaman da insanlar öz fotolarına dərhal baxa bilirdilər. Və bu kəşf üç yaşlı qızcığazın xəyalının məhsulu idi...
Dəli Emin. Kəndin dəlisi. Hər dəfə anasının sevdiyi mahnı radioda çalınanda radionu əlinə götürür və velosipedi ilə sürətlə anasının məzarına tələsir. Amma heç zaman çata bilmir. Qan-tər içində məzarın yanında oturub deyir: “Nəğmələr çox qısadır, yoxsa yol çox uzun?”
Dəli olmağına baxmayın, o, bir ixtiraçıdır... Buna da həll yolu tapır. Anasının məzarına elektrik xətti çəkir. Radioda o mahnı çalınan kimi düyməyə basır. Məzarın yanındakı səsgücləndirici işləməyə başlayır. Artıq anası o sevimli mahnısına qulaq asa biləcək. Eminin xəyalı gerçək olur.
Hadisəni “Vizontele” filmində görmüşəm.
Bu üç əhvalatı niyə dalbadal yazıram? Bir baxın, insanlara bir zaman nağıl kimi gələn hər şey gerçək olub. Şair demiş, “Just imagine!” (Sadəcə, xəyal qur!) Bu gün bizdə çatmayan budur. Xəyallarımız kasıblaşıb. Hamımız cari həyatın çətinliklərinə qapanmışıq, bu dairədən çıxa bilmirik. Üfüqümüz kiçilib, arzularımız balacalaşıb. Nə qədim zamanlardakı kimi dəli həsrətlə sevə bilirik, nə də çılğıncasına arzulaya. Realist oluruq, mümkün olanı istəyirik, ruhumuzun qanadlarını qırmışıq. Modern insan bu cür travmatik bir vəziyyətdədir. Bəşərin minlərlə illik sərvəti internetlə əlimizin altında... Amma biz daha yaxşı “selfie” çəkmək üçün yarışırıq.
Və heç kimə daha radioda mahnı saxlamırıq...