Meksika və CAR (Cənubi Afrika Respublikası) yığmaları arasında keçirilən 2026-cı il dünya çempionatının açılış oyunundan əvvəl ilk dəfə olaraq komandaların bütün futbolçularının iştirakı ilə yenilənmiş oyunöncəsi mərasim təşkil olunub.
Oxu.Az bu barədə "Sport Express" nəşrinə istinadən xəbər verir.
Milli himnlərin səsləndirilməsi zamanı meydana yalnız start heyətində yer alan futbolçular deyil, həmçinin oyunun iştirak ərizəsinə daxil edilmiş bütün oyunçular çıxıblar. Onlar hakim briqadası ilə birlikdə mərkəzi dairənin ətrafında mövqe tutublar.
Bununla da FIFA dünya çempionatlarında yeni bir ənənənin əsasını qoyub. Belə ki, əvvəlki turnirlərdə oyunöncəsi mərasimlərdə yalnız start heyətinin futbolçuları iştirak edirdilər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.