Biləsuvar rayonunda pomidor sahələrində xəstəlik yayılıb.
Bu barədə "Report"a rayon fermerləri məlumat veriblər.
Onların sözlərinə görə, məhsul xəstəlik səbəbindən sahələrdə çürüyüb.
Fermerlər, həmçinin qeyd ediblər ki, bu ilin əvvəlindən pomidor sahələrinə zəruri aqrotexniki qulluqlar göstərmələrinə baxmayaraq, hava şəraitinin əlverişsizliyi və dərman preparatlarının keyfiyyətsizliyi üzündən hər yığımda demək olar, 50 faiz zərərlə üzləşiblər. On iki dəfəyədək yığılmalı olan məhsul, bu il cəmi 3 dəfə yığılıb.
Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, pomidorun yetişdirilməsi ilə əsasən rayonun Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndlərində ixtisaslaşmış təcrübəli mütəxəssislər məşğuldur. Bu günədək sahələrdən tədarük olunan 38 min tondan çox məhsulun 70 faizi paytaxt və region bazarlarına çıxarılıb. Məhsuldarlıq isə 400-500 sentner civarındadır. Havaların yağıntılı keçməsi ilə əlaqədar bəzi əkin sahələrində göbələk xəstəlikləri yayılıb. Xəstəliklərlə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.
Rəylər