Avqustun 30-dan 31-nə keçən gecə, təxminən saat 01:00 radələrində Binəqədi rayonunda ağır cinayət törədilib.
Binəqədi qəsəbəsi ərazisində "Mərkəzi dairə" adlı yerdə iki qardaşa hücum edilib. Hücum nəticəsində 32 yaşlı Dəryaquliyev Yaşar Nizami oğlunun boğazını kəsiblər və o, yerindəcə keçinib. Onun 29 yaşlı qardaşı Vüqar Dəryaquliyevə isə qara ciyər nahiyəsindən bıçaq zərbəsi vurublar. Sonuncu xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Cinayət 4-cü polis bölməsinin ərazisində törədilib. Artıq cinayəti törətmiş şəxslər müəyyənləşdiriliblər. Əməliyyatçıların məlumatına görə, bunlar Şamaxı rayon sakini, Binəqədidə yaşayan 25 yaşlı Elvin Mikayılov və onun adı hələlik məlum olmayan dostudur. Elvin Mikayılov avtomobil yuma məntəqəsində işləyib.
Münaqişə yolda baş verib. Qətldən bir az əvvəl Mikayılov "Niva" markalı avtomobilin sükanı arxasında olub. Bu zaman yolda başqa bir avtomobil onu ötüb keçib. Mikayılov onu ötüb keçən avtomobili saxlayıb və maşındakı kişilərdən kişi söhbəti etmək üçün aşağı düşməyi tələb edib. Maşından ilk olaraq Yaşar Dəryaquliyev çıxıb. Mikayılov çox düşünmədən bıçaq çıxarıb və onun boğazını kəsib.
Cinayətkar qardaşının arxasında avtomobildən düşən Vüqara da bıçaq zərbəsi vurub. Maşında Dəryaquliyevlərin daha bir qohumu olub, lakin onunla heç bir şey baş verməyib.
Mikayılov və qardaşların öhdəsindən gəlməkdə ona yardım etmiş tanışı hadisə yerindən qaçıblar.
Bildirilir ki, cinayətin törədildiyi vaxt Dəryaquliyev qardaşları içkili vəziyyətdə olublar.
Hazırda əməliyyatçılar şübhəli şəxslərin axtarışını həyata keçirirlər. Binəqədi RPİ-dən həmçinin bildiriləb ki, son vaxtlar soyuq silahın tətbiqi ilə törədilən cinayətlərin sayı artıb.
"İndi bir şey olan kimi dərhal bıçaq çıxarır və bir-birini doğrayırlar" - deyə, polis əməkdaşları deyirlər.