ABŞ prezidenti Barak Obama Suriyada hərbi güc tətbiqi haqqında prinsipial qərarını elan edib. O, müvafiq bəyanatı avqustun 31-də səsləndirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti ölkə Konqresindən hərbi əməliyyata razılıq almaq niyyətindədir. Məsələ sentyabrın 9-dan - Konqresin sessiyasının başlamasından sonra müzakirəyə çıxarılacaq.
Obama bu məsələnin müzakirəsinə yaxın günlərdə başlamağa çağırıb. Bu zaman o qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Suriya məsələsinin həllində bacarıqsız olduğunu göstərib.
Obama əməliyyatın başlayacağı mümkün tarixi açıqlamasa da, onun həm bir neçə gün, həm də bir ildən sonra başlaya biləcəyini vurğulayıb
"Biz Dəməşqdə baş verənlərə göz yuma bilmərik və yummayacağıq" - Suriyada kimyəvi silahın tətbiqindən danışan amerikalı prezident vurğulayıb.
Onun məlumatlarına görə, dinc insanların həlak olmasına görə məsuliyyət Suriya rəhbərliyinin üzərinə düşür.