Bakı Nəqliyyat Agentliyi “Qarabağ”-“Roma” matçından sonra minlərlə azarkeşlərin yağışın altında metroya qədər piyada getməsinə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev “Ölkə.Az”a bildirib ki, Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında ən son tamaşaçı ərazini tərk edənə qədər avtobuslar fəaliyyət göstərib:
“Düzdür tamaşaçıların stadiona gəlişi zamanı müəyyən çətinliklər yaşanıb. Bu da yollardakı tıxacla əlaqəli olub. Nə avtobusların sayında, nə də tamaşaçıların daşınmasında problem yaşanmayıb. Hava şəraiti ilə əlaqədar müəyyən çətinliklər vardı. Lakin görülən operativ tədbirlər nəticəsində bu çətinliklər də aradan qaldırılıb”, - deyə M. Ağayev bildirib.
Çəkilən videoya gəlincə, M. Ağayev deyir ki, bu görüntülər “Koroğlu” stansiyasının çıxışına yaxın, nəqliyyat mübadilə məntəqəsinin ərazisində çəkilib:
“Sərnişinlər özləri yanlış istiqamətdə gediblər. Bu zaman da, onlar həmin avtobusları görməyiblər. Bu da səhv rəylər yaradıb”.
Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçirilən qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. Bu isə onların narazılığına səbəb olub. Sosial şəbəkələrdə etirazlarını bildirən tamaşaçılar söz verilən avtobusların sayının az olmasından və xidmətin düzgün təşkil edilməməsindən şikayətləniblər.
S.B.
www.oxu.az