Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmisinin çıxışında irəli sürdüyü fikirlər kökündən yanlışdır.
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev ötən gün BNA-nın şöbə müdiri Hikmət Babayevin çıxışı zamanı səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, cəmiyyətdə insanların sosial vəziyyətinə görə ayrıseçkiliyinə işarədir.
“Necə yəni taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil?! Agentlik rəsmisinin çıxışında iki məqam var ki, kökündən yanlışdır. Birinci məqam odur ki, səsləndirdiyi fikir o deməkdir ki, hər adam taksiyə minməməlidir. Ancaq imkanlı adamlar taksiyə minməlidir, hamı taksiyə minsə, bəs avtobuslara kim minəcək? Bu isə artıq birmənalı olaraq ayrıseçkilik yaratdır.
İkinci məsələ isə qiymətlərin ucuz olması, rəqabət mühitini öldürməsi və problem yaratması fikirləri ilə bağlıdır. Bilirsiniz, bütün dünyada əsas məqsədlərdən biri orada yaşayan insanların rifahının yaxşılaşdırılmasıdır. İnsanların gəlirinin artması, yaşayış mənzilinə, nəqliyyata çıxışının asanlaşması isə buna işarə olan amillərdən biridir.
Əgər hər hansı sərnişinin avtobusa minməyə gəliri yoxdursa, onun rifahından söhbət gedə bilməz. Yox, əgər taksiyə minməyə pulu yoxdursa, bu, şəxsin gəlirinin orta olmasına işarədir. Əgər insanlar taksiyə rahatlıqla minə bilirsə, bu o deməkdir ki, ölkədə yaşayış səviyyəsi, insanların rifahı o qədər də pis deyil, hər şey yaxşıdır”.
Ekspert bildirib ki, BNA rəsmisinin çıxışı əhali arasında sosial diskriminasiyaya və bu sektorda rəqabətə mənfi təsir göstərəcək:
“Onun sözündən belə çıxır ki, əgər imkanlı şəxslər taksiyə minirsə, imkansız şəxslər taksiyə minməməlidir. Əhalinin sosial vəziyyəti ilə bağlı bu cür ayrıseçkilik yaratmaq olmaz. Rəqabətə gəlincə, bu zaman qiymətlər ucuzlaşır, xidmətin isə keyfiyyəti artır. Ola bilməz ki, 5-10 il əvvəlki dövrdə taksidən istifadəyə görə qiymətlər eyni olsun. Əlbəttə ki, beş il qabaq taksi ilə A məntəqəsindən B məntəqəsinə getmək üçün daha çox pul ödəməli olurduq.
Bu gün taksidən fərqli olaraq kommunal xidmətlərə görə ödənişlər, çörəyin və digər qidaların qiymətləri artıb və s. Amma taksilərin qiyməti düşüb, çünki rəqabət mühiti var və qiymətlər bazar səviyyəsində tənzimlənir”.
“Dövlət taksi xidmətinə standart qoymamalıdır ki, sənin maşının filan ildən filan ilə qədər olmalıdır. Əgər taksi xidmətlərində keyfiyyəti artırmaq istəyirlərsə, daha uğurlu, ağlabatan standartlar qəbul edə bilər. Amma bu gün BNA-nın bu istiqamətdə yanaşması uğursuzdur. Bu yanaşma onu göstərir ki, BNA taksi nəqliyyat sektorunda rəqabətin olmasında maraqlı deyil. Onun məqsədi dövlət şirkəti olan “Bakı Taksi Xidməti”nin bazarda mövqeyini gücləndirməkdir.
Onların aldığı taksilərin qiyməti 120 min manat civarındadır. Bu qiymətə normal 4-5 ədəd maşın almaq olar. Təbii ki, bir avtomobili o qiymətə gətirəndə onun göstərdiyi xidmətin dəyəri də baha olacaq. İnsanlar isə təbii ki, bahalı deyil, daha ucuz taksilərdən istifadə edəcək. Düşünürəm ki, dövlət taksi xidməti ilə məşğul olmalı deyil, əksinə tənzimləməni aparmalıdır”, - deyə S.Əliyev sonda qeyd edib.
Xatırladaq ki, BNA-nın şöbə müdiri Hikmət Babayevin ötən gün efirlərdən birində taksi xidmətləri ilə bağlı çıxışı geniş müzakirələr səbəb olub. O bildirib ki, bu gün taksi qiymətləri ucuzlaşaraq, avtobus qiymətlərinə çatıb:
“Bu belə olmalı deyil. Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır. Taksidən yararlanmaq olar, amma bunu gündəlik, daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.
Könül Cəfərli
Rəylər