"Bu kimi tədbirlərin keçirilməsi çox gözəl təşəbbüsdür. Çünki bu sahədə fəaliyyət göstərən bütün tərəflərlə fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri və faydalı yanaşmaları paylaşmaq imkanı yaradır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) burkinafasolu nümayəndəsi Baçou Bado deyib.
O bildirib ki, tədbirin təşkilatı da çox uğurlu alınıb:
"Hərəkət rahat təşkil olunub, məkan olduqca cəlbedici və yaxşı qurulub. Ümumilikdə hər şey həqiqətən çox yüksək səviyyədədir".
Nümayəndə Afrika ölkələrinin müstəmləkəçilikdən əziyyət çəkməsi və bunun şəhərsalma, məskunlaşmaya mənfi təsirlərindən də danışıb:
"İstismarçılar əvvəlcə bizim mədəniyyətimizi dağıtdılar və bizə öz mədəniyyətlərini zorla qəbul etdirdilər. Nəticədə biz artıq nə tam onlar olduq, nə də özümüz olaraq qaldıq. Digər tərəfdən, onlar bizim bütün resurslarımızı sistemli şəkildə taladılar - istər təbii sərvətlərimizi, istər intellektual potensialımızı, istərsə də institusional imkanlarımızı. Buna görə də həmin insanlara qarşı içimizdə böyük bir qəzəb var. Çünki onlar əlimizdə olan hər şeyi bizdən aldılar. Ümumiyyətlə, müstəmləkəçilik bizim üçün olduqca mənfi bir anlayışdır".