Azərbaycan dilinin dövlət idarələrində işləklik səviyyəsini qaldırmaq lazımdır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Parlamentin bugünkü iclasında çıxış edən deputat İqbal Ağazadə dövlət idarələrində Azərbaycan dilinin işləklik səviyyəsinin çox aşağı olduğunu deyib.
Gənclər iş axtarmağa gedəndə onlardan xarici dil kimi rus dilini bilmək vacib şərt kimi irəli sürülür.
Parlamentin spikeri Oqtay Əsədov isə bu fikrə etiraz edib. O, Milli Məclis deputatlarının əksəriyyətinin rus dilində normal danışa bilmədiyini deyib.
Sabir Rüstəmxanlı isə ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən rusdilli məktəblərin fəaliyyətini qanun pozuntusu kimi adlandırıb:
“Azərbaycan Konstitusiyasına, eləcə də təhsil qanununa görə, təhsil dili Azərbaycan dilidir. Xarici dildə məktəblər ancaq özəl ola bilər, dövlətdən maliyyələşdirilə bilməz. Amma bu gün Azərbaycanda rus dilində çoxlu məktəb var və dövlətdən maliyyələşdirilir. Bu qanun niyə pozulur? Mən Hesablama Palatasından xahiş edirəm ki, bu məsələni araşdırsın”.
AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı parlamentin bugün keçirilən iclasında səsləndirib.
Sabir Rüstəmxanlı rusdilli məktəblərin dövlət büdcəsindən maliyyələşməsinə son qoyulmasını tələb edib.
Millət vəkilinin bu tələbinə spiker Oqtay Əsədov münasibət bildirərək problemin birdən-birə həllinin mümkün olmadığını vurğulayıb:
“Rusdilli məktəblərdən Azərbaycandilli məktəblərə tam keçilməsi mümkün deyil. Bəlkə həmin adamların özəl şərtlərlə təhsil almaq imkanı yoxdur? Ona görə də bu məsələnin birdən-birə həlli mümkün deyil”.