Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun Oxu.Az-a müsahibəsi:
- Bəhruz müəllim, bu müsahibəni Azərbaycandakı məhkəmə hakimiyyətinin fəaliyyəti üzərində qurmaq istəyirik. İlk olaraq standart sualla başlayaq: Azərbaycanda məhkəmə hakimiyyətinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr, daha dəqiqi Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.
Konstitusiyada təsbit olunduğu kimi məhkəmə hakimiyyəti hakimiyyətin digər qolları ilə qarşılıqlı fәaliyyәt göstərir. Onların hər biri, o cümlədən də məhkəmələr öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı isə Azərbaycan Prezidentidir. Məhkəmə hakimiyyətinin fəaliyyətini qiymətləndirmək üçün hakimiyyətin bu qolunun üzərinə qoyulmuş vəzifələr fonunda dəyərləndirmə aparmaq lazımdır.
Konstitusiyanın 125-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir...
- Bağışlayın, sözünüzü bu yerdə kəsirəm. Bəs məhkəmələr həqiqətin müəyyən edilməsini təmin edə bilirmi?
- Məhkəmələr və hakimlər haqqında qanunvericiliyə əsasən məhkəmələrin fəaliyyəti yalnız ədalət mühakiməsinin, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilib. Azərbaycan məhkəmələri bu vəzifələrin öhdəsindən gəlirmi? Mən hesab edirəm ki, gəlir. Sualı başqa cür qoysaq, məhkəmə fəaliyyətində problemlər varmı? Düşünürəm ki, müəyyən səviyyədə var.
Lakin bu problemlər cəmiyyətin və medianın qabartdığı məsələlər deyil. Aydındır ki, məhkəmə prosesində adətən iki tərəf olur və qərarın ədalətliliyindən asılı olmayaraq tərəflərdən biri mütləq bu qərardan narazı qalır. Bizim media və cəmiyyətin müəyyən qismi isə məhkəmə fəaliyyətini ancaq narazı qalan tərəfin rakursundan qiymətləndirir. Yəni, kiminsə məhkəmənin ədalətliliyi barədə razı mövqeyi heç bir media orqanını maraqlandırmır.
Media məkanında oxucu cəlb edən, baxış cəlb edən narazı tərəfin ah-naləsi daha çox göstərilir. Ancaq bu o demək deyil ki, məhkəmə həmişə ədaləti təmin edə bilir. Bunun da iki səbəbi var:
Birincisi, hüquq hələ ədalət demək deyil. Məsələn, təsəvvür edin, bir nəfərin ailəsi məhv edilir. Üzərindən illər keçir, qatil bəlli olur və bu ailənin sağ qalmış üzvü də qatili özü cəzalandırır. Baxmayaraq ki, bu ədalətli qisasdır, amma qanunsuzdur. Öz qisasını alan vətəndaş ədalətlidir, amma qanunsuz əməl törətdiyinə görə cinayətə görə məhkum olunacaq. Yəni qanunilik və ədalət arasında bu məqama diqqət yetirilməlidir.
İkincisi, məhkəmələrdə subyektiv marağı ilə hərəkət edən hakimlər az da olsa hələ də var. 10 il əvvəl ilə müqayisə etsək, bu yerlə göy qədər fərqli mənzərədir. Amma ümumilikdə məhkəmə hakimiyyətinin fəaliyyətini müsbət qiymətləndirirəm. Xüsusən elektron məhkəmə quruculuğu, vəkillik institutunun güclənməsi fonunda hesab edirəm ki, bəzi subyektiv yanaşmalara da kiminsə istəyib-istəməməsindən asılı olmayaraq son qoyulacaq.
- Sizə konkret tanış olduğumuz halların ümumi mənzərəsinə dair sual ünvanlayacağam. Məsələn, məhkəmə hökmləri ilə tanış olan zaman görürük ki, bəzi hökmlər çıxarılarkən ədalət prinsipi pozulur. O hökmlər Azərbaycan dövləti adından çıxarılır, bəs bunu necə tənzimləmək lazımdır ki, dövlətin nüfuzuna xələl gəlməsin?
- Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmənin qəbul etdiyi qərarlar da sualınızda qeyd etdiyiniz kimi bəli, dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qərarların ədalətsizliyinə gəlincə, heç vaxt iddia edə bilmərəm ki, bütün qərarlar ədalətlidir. Bildiyiniz kimi, deputat fəaliyyətimə qədər paralel olaraq vəkillik fəaliyyəti ilə məşğul olmuşam. Azərbaycan məhkəmə sisteminə, hakimlərə, məhkəmə sədrlərinə, məhkəmələrin iş üslublarına, hansının ədalətli, qərəzsiz, savadlı-savadsız olduğuna dərindən bələdəm.
Mən özüm də qərəzli və ədalətsiz, o cümlədən qərəzsiz, amma dayaz və ədalətsiz qərarlara şahid olmuşam.
Üstəlik, biz Məhkəmə Hüquq Şurasının normativ xarakterli aktlarını görürük. Mütəmadi olaraq hakimə töhmət verilməsi, hakimin vəzifədən aşağı salınması və ya iş yerinin dəyişdirilməsi, yaxud, hakimin səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanına təkliflərin verilməsi haqqında qərarlar görürük.
Bütün bunlar pozuntulardan məlumat verir. Lakin bütövlükdə məhkəmə sisteminə qiymət vermək üçün bu faktlar yetərli deyil. Məhkəmələrimizdə vicdanlı və ədalətli kəsim artıq böyük çoxluq təşkil edir. Biz nəzərə almalıyıq ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bütün dünyada belədir. Əgər ortada daxili inam məsələsi varsa, biz hakimin daxili inamına hörmətlə yanaşmağa məcburuq. Məhkəmənin qərarının səhv yaxud ədalətsiz olmasını qiymətləndirməyin yalnız bir yolu var: bu yol media yaxud sosial şəbəkə deyil. Kimsə narazıdırsa, yuxarı instansiya məhkəmələrə müraciət etmək imkanımız var. Habelə, beynəlxalq məhkəmələrin qapısı hər kəsin üzünə açıqdır. Vaxt itkisinə, məruz qaldığı iztirablara, maddi xərclərə görə isə hər kəsin ədalətli kompensasiya almaq hüququ var. Eyni zamanda əmin ola bilərsiniz ki, qərəzi və ədalətsizliyi sübut olunmuş hakimin barəsində mütləq müvafiq tədbirlər görülür.
- Gəlin bir məsələyə baxaq: Deməli, bu yaxınlarda insan alveri ilə məşğul olan qrup üzvlərinə cəza kəsilərkən onların azyaşlı övladlarının olması nəzərə alınıb və kəsilən cəzada sınaq müddəti təyin edilib. Ancaq digər bir cinayətdə, adam öldürən bir şəxsə azyaşlı övladının olması nəzərə alınmadan ona daha ağır cəza kəsilib. Ayrı-ayrı işlər olsa da, bu müqayisədən sual yaranır: Bu, hüquqi ədalət anlayışına uyğundurmu?
- Əgər söhbət cinayət-mühakimə icraatından gedirsə, bəli, bu cür faktlar tamamilə mümkündür. Mülki münasibətlərdən fərqli olaraq cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Məsələn, mülki münasibətlərdə, tutaq ki, mənzil münasibətlərində eyni hallar üzrə fərqli mövqe nümayişi ayrı-seçkilik göstəricisidir və dövlət maraqlıdır ki, bu kimi məsələlərdə məhkəmənin mövqeyi vahid olsun.
Ali Məhkəməyə tövsiyə edilib ki, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etsin. Bunun üçün vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görməlidir. Ali Məhkəmə vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizmini təsbit edir.
Məqsəd məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etməkdir.
Lakin cinayət hüququnda bu belə deyil və ola bilməz. Hər bir cinayət işi, obrazlı desəm, özlüyündə bir barmaq izi kimidir, özünəməxsusdur və hər bir detal ayrıca qiymətləndirilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yəni sualınızda qeyd olunan halın mövcud olmasına şübhə etmirəm. Lakin əminliklə deyə bilərəm ki, tam mənada bütün epizodları və cəza təyin edilməsi zamanı nəzərə alınan digər halları ilə bir-birini təkrarlayan əməl yoxdur. Bu mənada eyni vəziyyətdə olan iki insana münasibətdə fərqli cəzaların təyin edilməsi Roman-German hüquq təcrübəsində labüd haldır.
- Ümumiyyətlə belə fikirlər var ki, məhkəmə hakimləri tərəflərdən pul alaraq hökm verirlər. Sizin belə hallarla bağlı məlumatlarınız varmı?
- Hüquq mücərrədliyi sevmir. Bu mənada konkret fakt və sübut olmadan kimisə ittiham etmək hüquqa və əxlaqa sığmır. Lakin bu o demək deyil ki, hər kəs büllur kimi təmizdir. Biz məsələyə köklü yanaşaq. Ortada rüşvət faktından danışırıqsa deməli, alan varsa, verən də var. Hər ikisi məsuliyyət daşıyır. Təbii ki, mən də zaman-zaman bu kimi məsələlər barədə eşidirəm, amma konkret faktlara gəlincə ortada heç nə yoxdur. Əgər hansısa vətəndaşda yaxud sizdə bu cür fakt varsa deputat kimi aidiyyəti orqan qarşısında məsələ qaldırmağa hazıram. Bu cür şəxslərin olmasını istisna etmirəm, onları ifşa etmək hər birimizin vətəndaşlıq borcudur.
- Digər bir məsələ işlərin Avropa Məhkəməsinə getməsi ilə əlaqədardır. Bayaq özünüz də dediniz ki, beynəlxalq məhkəmələrə müraciət etmək kimi bir hüquq tanınır. Yaxşı, yerli instansiyalar niyə təminedici faktora çevrilə bilmir ki, işlər Avropa Məhkəməsinə gedir?
- Siz niyə o qənaətdəsiniz ki, Avropa məhkəməsinə üz tutanların hamısı haqlıdır?
- O qənaətdə deyiləm, ola bilər ki, tərəfin tələbi və iddiasına yerli hüquqi çərçivə cavab verə bilmir. Ancaq hər halda, biz Avropa Məhkəməsinin Azərbaycana qarşı cərimə tətbiq edilməsi hallarının şahidi olmuşuq.
- Bildirim ki, Azərbaycandan Avropa Məhkəməsinə gedən işlərin 90 faizdən artığı ümumiyyətlə icraata qəbul edilmir. Təbii ki, biz də arzu edirik ki, ədalət elə bizim hüquq məkanında təmin olunsun. Bunun üçün islahatlar aparılır, müvafiq addımlar atılır.
Açığı Azərbaycan məhkəmələrinin demək olar ki, təmizlənməsi başa çatdırmaq üzrədir. Burada digər məqam bizdə hüquq düşüncəsinin lazımi inkişaf səviyyəsində olmaması ilə bağlıdır. Hansısa vətəndaş haqsız olduğunu bilə-bilə məhkəmə mübahisəsini davam edirsə, yaxud, qarşı tərəfi süründürmək üçün Ali Məhkəməyə qədər işi aparırsa bu artıq hüquq düşüncəsizliyidir.
- Məhkəmə sədrləri ilə hakimlər arasında konfliktlər varmı? Varsa, bu, verilən hökmlərə necə təsir edə bilər?
- Məhkəmə qərarlarına, hökmlərə, qətnamələrə təsir edə biləcək digər daha təhlükəli tendensiyalar var. Məsələn, hakim sayının azlığı, iş yükünün çoxluğu, qərarların keyfiyyətinə, o cümlədən araşdırmanın keyfiyyətinə ciddi təsir edir. O cümlədən, birinci instansiya məhkəmə aparatlarında çalışan işçilərin əməkhaqqılarının azlığı mütəmadi olaraq kadr axınına təsir edir. Bu da aşağı instansiyalarda iclas katibi, köməkçi, məsləhətçi və dəftərxana əməkdaşları arasında peşəkarların azalmasına səbəb olur. Bu da ümumi işə mənfi təsir edir. Hakimlərin faktiki öz üzərində işləmək, müasir tendensiyaları öyrənmək üçün vaxtları qalmırsa bu da işin ümumi keyfiyyətinə təsir göstərməyə bilməz.
Konkret sualınıza gəlincə, dediyim kimi, fəaliyyət təcrübəmlə əlaqədar məhkəmə sisteminə incəliyinə qədər bələdəm. Amma bu suala qanunverici hakimiyyətin nümayəndəsi olaraq cavab verməyi etik hesab etmirəm. Ancaq bizimlə məhkəmə hakimiyyəti arasında münasibətlərə münasibət bildirə bilərəm. Kifayət qədər səmərəli əməkdaşlığımız var.
Aqşin Kərimov