Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Belə ki, bu gündən etibarən 29 iyun-8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsi baş tutmuş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.
Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Müsabiqə iştirakçılarına şəxsi səhifəni mütəmadi izləməkləri tövsiyə olunur.