"Azərbaycanda rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təmin olunması üçün peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi həm kadr hazırlığını, həm də ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafını dəstəkləyən layihələri icra edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündə deyib.
O bildirib ki, rəqəmsal dövlət, rəqəmsal iqtisadiyyat və rəqəmsal xidmətlərin dayanıqlılığı onları qoruyacaq peşəkar mütəxəssislərdən asılıdır:
"Məhz buna görə də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas missiyası yalnız kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlamaq deyil, ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına töhfə verməkdir".
F.Osmanov qeyd edib ki, bu günə qədər yeddi minə yaxın şəxs kibergigiyena təlimlərinə cəlb olunub:
"53 dövlət və özəl qurumda bu səpkidə təlimlər keçirilib. Eyni zamanda, 250-yə yaxın rəhbər şəxs üçün xüsusi kibermaarifləndirmə proqramları təşkil olunub ki, bu da rəhbər heyətin kiberrisklərin idarəolunması və strateji qərarvermə sahəsində hazırlığının artırılmasına xidmət edir".
İdarə Heyətinin sədri vurğulayıb ki, ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik üzrə tədrisin keyfiyyətinin artırılması istiqamətində də mühüm addımlar atılır:
"Ali və peşə təhsili müəssisələri ilə qurulan əməkdaşlıqlar çərçivəsində kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə tədris olunan fənlərin sillabusları beynəlxalq tələblərə uyğun təkmilləşdirilir, müəllim və tələbələrin qabaqcıl beynəlxalq bilik və təcrübəyə çıxışı təmin olunur. Eyni zamanda, əmək bazarının tələblərinə cavab verən yeni nəsil mütəxəssislərin hazırlanmasına dəstək göstərilir. Hazırda yeddi ali təhsil müəssisəsində 12 müxtəlif fənn üzrə tədris bu əməkdaşlıq çərçivəsində həyata keçirilir".
F.Osmanov bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yerli innovasiyaların inkişafına da dəstək verir:
"Bu günə qədər yeddi kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək göstərilib. Bununla yanaşı, ölkə səviyyəsində dörd, "Technion" - İsrail Texnologiya İnstitutu ilə birlikdə isə məzunlar arasında 12 hakaton təşkil olunub, 70-dən çox vörkşop və master-klas keçirilib, beynəlxalq yarışlara hazırlıq proqramları həyata keçirilib. Bu təşəbbüslər gənclərin praktiki bacarıqlarının inkişafına, innovativ həllərin hazırlanmasına və yeni istedadların üzə çıxarılmasına mühüm töhfə verir".
O əlavə edib ki, beynəlxalq tərəfdaşlıqlar da AKM-in fəaliyyətinin əsas istiqamətlərindən biridir.