"Bir prinsip dəyişməz qalıb: innovasiya yalnız məsuliyyətlə istiqamətləndirildiyi zaman dəyər qazanır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin proqramı "Texnion", İsrail, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında uğurlu əməkdaşlığın nümunəsidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri İsrail Texnologiya İnstitutunun ("Technion") baş direktoru Moti Yeger Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə deyib.
M.Yeger bildirib ki, tərəfdaşlar birgə fəaliyyət çərçivəsində yalnız peşəkar bacarıqların formalaşdırılması ilə kifayətlənmir, həm də uzunmüddətli potensial və beynəlxalq əməkdaşlığa əsaslanan etimad yaradırlar:
"Birlikdə təkcə peşəkar bacarıqlar formalaşdırmır, həm də uzunmüddətli potensial və beynəlxalq əməkdaşlığa əsaslanan etimad yaradırıq".
O vurğulayıb ki, hazırda kritik infrastruktur, strateji aktivlər və insanların gündəlik istifadə etdiyi bir çox xidmət təhlükəsiz rəqəmsal sistemlərə əsaslanır:
"Texnologiya görünməmiş sürətlə inkişaf etdikcə, risklər də eyni sürətlə artır. Kibertəhlükəsizlik artıq sadəcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır".
Baş direktor bildirib ki, "Texnion" bu ilin əvvəlində Beynəlxalq Kompüter Elmləri Reytinq İndeksində (CS Rankings) süni intellekt sahəsi üzrə Avropada birinci, kompüter elmləri üzrə isə dünyanın aparıcı universitetləri sırasında yer alıb:
"Bu nailiyyət təkcə elmi uğur deyil, həm də bir əsrdən çoxdur ki, innovasiya və məsuliyyət dəyərlərini özündə birləşdirən mütəxəssislərin yetişdirilməsinin bariz nümunəsidir".
M.Yeger vurğulayıb ki, proqram iştirakçılarına texniki biliklərlə yanaşı, strateji düşünmə və texnologiyadan etik istifadə bacarıqları da verilir:
"Biz bu proqramla sizə yalnız texniki biliklər deyil, həm də aydın təfəkkür, riskləri öncədən görmək, kritik infrastrukturu qorumaq və texnologiyadan ağıllı, etik şəkildə yararlanmaq bacarığı qazandırmaq istəyirik".