The Institute for Economics and Peace Beynəlxalq şirkəti “Dünyanın ən sülhsevər ölkələri - 2014” reytinqini hazırlayıb.
Oxu.Az The Telegraph-a istinadən xəbər verir ki, Global Peace Index şirkəti ölkə ərazisində zorakılıq və xarici siyasətdə aqressivlik dərəcəsinə əsaslanaraq sülhsevərlik reytinqi tərtib edib. Qeyd edək ki, bu tədqiqat hər il aparılır.
Tədqiqatların nəticələrindən planetdə qarşılıqlı əlaqənin və davamlı inkişafı aşkar etmək üzrə ixtisaslaşan “Bəşəriyyətin perspektivləri” miqyaslı layihə üçün dayaq nöqtəsi kimi istifadə edilir. Bununla yanaşı, layihənin təşkilatçıları vurğulayırlar ki, o, məlumat xarakteri daşıyır. Buna görə də araşdırmanın nəticələrinə görə, hər hansı bir ölkənin qınaq obyektinə çevrilməsi yolverilməzdir.
İlk sülhsevərlik reytinqi 2007-ci ildə tərtib edilib. Bu tədqiqatın təşəbbüskarı kimi müxtəlif tədqiqat institutlarının və Sidney Universitetinin (Avstraliya) İqtisadiyyat və Sülh (The Institute for Economics and Peace) İnstitutu başda olmaqla analitik mərkəzlərin nümayəndələri çıxış edib.
Əgər reytinq 158 ölkədən alınmış nəticələri nəzərdən keçirirdisə, bu il reytinq 162 ölkədən alınmış məlumat əsasında təqdim edilib. Qeyd edək ki, mütəxəssislər sülhsevərlik reytinqini tərtib edərkən üç əsas qrup üzrə təsnifləşdirilən, 22 keyfiyyət və kəmiyyət göstəricisinə əsaslanıblar.
Azərbaycan siyahıda – Eritreyey və Cənubi Afrika arasında 123-cü yeri tutub. Ermənistan gözlənilmədən 97-ci yerdə olub. Bu isə reytinqin ədalətliliyini şübhə altına qoyur. Çünki qonşu ölkənin 20% ərazisini işğal edən aqressor-ölkənin siyahıda daha yüksək pillədə yerləşdirilməsi qəribədir.
Reytinqdə ən sonuncu yerdə Suriyadır.
Keçən ilki reytinqlə müqayisədə dünya ölkələrinin sülhsevərliyi 4% aşağı düşüb. Buna yaxın Şərqdə, yəni Suriya, İraq və Əfqanıstanda olan silahlı münaqişələr və bu münaqişələrin geo-siyasi nəticələri səbəb olub. Həmçinin bu və ya digər ölkələrin sakinlərinin iqtisadi və ya siyasi qeyri-sabitliklə əlaqədar problemlərlə şərtlənmiş etiraz aksiyalarını da qeyd etmək lazımdır. Ümumilikdə reytinqi tərtib edənlər 2008-ci ildən 2013-cü ilə qədər 51 ölkədə sülhsevərliyin artması, 111 ölkədə isə azalması nəticəsinə gəliblər.
Bundan başqa, reytinqi tərtib edənlər statistik modelləşdirmə metodunu hazırlayıblar, bu metod təhlükəsizliyin və sabitliyin risk altında olduğu 10 dövləti müəyyən etməyə imkan verir. Layihənin nəticələri vəziyyətin 90% ehtimalla qeyri-sabitləşəcəyi ölkələri üzə çıxarmağa imkan verir. Bu ölkələrin arasında Argentina, Bosniya və Herseqovina, Gürcüstan, Zambiya, Haiti, Çad, Nepal, Burundi, Liberiya və Qətər kimi dövlətlərin adı çəkilir.
Bütün meyarları nəzərə alaraq, tədqiqatçılar dünyanın ən sülhsevər ölkəsini müəyyən ediblər. Bu, keçən il də olduğu kimi İslandiyadır. Bu göstərici ölkə ərazisində zorakılığın və qonşu ölkələrə qarşı aqressiyanın aşağı səviyyədə olması nəticəsində əldə edilib.
Sülhsevər ölkələrin ilk onluğuna Danimarka, Avstriya, Yeni Zelandiya, İsveçrə, Finlandiya, Kanada, Yaponiya, Belçika, Norveç daxil olub. Avropanın qərbi və şimali ölkələri isə dünyanın sülhsevər ölkələrinin ilk 20 ölkəsi sırasına daxil olub.