Cəlilabadda su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara magistral yolu açılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, qəsəbənin sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb.
Qurum rəsmisi qeyd edib ki, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib:
"Səhər saatlarında sel suları ərazidə azaldığından sonra yolun bərpası istiqamətində işlərə başlanılıb. Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib. Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub".
Qeyd edək ki, dünən Ələt-Astara magistralının Cəlilabadın Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanıb. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.
09:23
Ələt-Astara magistral avtomobil yolunun bir hissəsində hərəkət dayandırılıb.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Baku.ws-ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.
Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.
Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.
E.Ə.
www.oxu.az