"Azərbaycan Konstitusiyası qədər məzmunca zəngin ikinci sənəd yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Bakıda keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" forumu çərçivəsində baş tutan "Azərbaycan Respublikasının konstitusiyası və mədəni dəyərlərimiz" adlı panel müzakirələr zamanı deyib.
O bildirib ki, bütün konstitusiyalar cəmiyyətin mikro-modelidir:
"Bu sənəd cəmiyyətin bütün sahələrini tənzimləyir. Hüquq və mədəniyyət bir-birinə bağlıdır. Cəmiyyətin mədəni səviyyəsi nə qədər yüksəkdirsə, idarəetmə prosesi də o qədər asan olur. Elə sfera yoxdur ki, mədəniyyət onunla bağlı olmasın. Dünya siyasətinə təsir edən dövlət kimi milli kimliyimiz öndə durur. Azərbaycan konstitusiyası qədər məzmunca zəngin ikinci sənəd yoxdur. Sadəcə onun tələblərinə uyğun davranmalıyıq. Azərbaycan Konstitusiyası da hər şeyi mədəniyyət üzərində qurub".
Elşad Nəsirov vurğulayıb ki, ötən əsrdə Azərbaycan yetərincə ABŞ də tanınmırdı:
"Ötən əsrdə Azərbaycan yetərincə inkişaf etməmişdi. Amma bu gün tam əksinədir. 8 avqust, 2025-ci il, Ağ Ev. Dövlətimiz başçısı hegemon dövlətin rəhbəri ABŞ Prezidenti tərəfindən necə qarşılandı, hamı gördü. Bugünkü Azərbaycan dünya şahmat taxtasında aparıcı fiqurlardandır və siyasi proseslərə təsir edə bilir".
Aqil Vəlili