Oxu.Az oxucularına “Peşəkar” rubrikasının növbəti qonağını – poliqlot, peşəkar tərcüməçi, mükəmməl şəkildə 25 dildə (ingilis, alman, fransız, italyan, ispan, portuqal, holland, norveç, isveç, latın, rumın, yunan, fars, çin, koreya, yapon, başqırd, tatar, ərəb, rus, polyak, çex, ukrayna, fin, sanskrit) danışan, istənilən xarici dili asanlıqla öyrənmə imkanı yaradan metodikanı hazırlayan, sözün əsl mənasında istedadlı insan, həmvətənimiz Emin Quliyevi təqdim edir.
- Bir neçə xarici dil bilən insan artıq pərəstiş doğurur. Siz isə 25 dil bilirsiniz və bununla kifayətlənmək fikrində deyilsiniz... Amma təəccüblü olan başqa şeydir – bütün bu dilləri siz müstəqil şəkildə öyrənmisiz, pedaqoqların yardımından istifadə etmədən, qısa bir müddət ərzində, bir neçə gündən bir neçə aya qədər öyrənmisiniz. Bunu necə bacarırsız?
- Dil həyatımızın ayrılmaz hissəsidir... Onu beynimizin operativ əməliyyat sisteminin proqram təminatı ilə müqayisə edə bilərik. Onun vasitəsilə fikirlərimizi ifadə edirik, təhsil alırıq və biliklərimizi ötürürük. Bu, hər birimizin və ümumiyyətlə, bəşəriyyətin ən dəyərli xəzinəsidir. İnsan nə qədər çox dil bilərsə, o qədər inkişaf etmiş və geniş dünyagörüşünə malikdir.
Mənim üçün dil öyrənmək əqli idmana bərabərdir. Burada gündəlik məşqlər vacibdir. Gündəlik əmək – bu, mənim uğurumun zəmanətidir. Amma mənim metodikam adi metodikadan əsaslı şəkildə fərqlənir – mən saatlarla kitab və lüğət arxasında oturmuram. Mən dilləri asan, əyləncəli şəkildə öyrənirəm. Bu isə “dil öyrənmək düsturu”nu tapmağımın sayəsindədir.
- Xarici dilə sizdə maraq necə və nə zaman yaranıb? Siz bunu uşaqlıqdan arzulamısız, yoxsa bu istək sizdə daha böyük yaşlarda yaranıb?
- Xarici dillər mənim hər zaman xoşuma gəlib. Amma məktəb illərində tədris prosesində marağım olmayıb, lakin canlı ünsiyyət zamanı isə əksinə. Yadımdadır ki, 13 yaşım olanda ailəmlə bərabər İrana getmişdik. Orda az müddət oldum – cəmi 10 gün. Bu 1 həftədən bir qədər uzun olan müddət ərzində artıq fars dilində anlayırdım, suallara cavab verirdim, yəni qulaq yaddaşım güclüdür. Mən eşitdiklərimi tələffüz də daxil olmaqla unutmuram...
Mənim gözəl musiqi duyumum və inkişaf etmiş qulaq yaddaşım var. Ona görə də hər şeyi səslər vasitəsilə yadda saxlamağa çalışıram. Deyək ki, yeni bir kitab dərc edilib, onu oxumaq istəyirəm – internetdə məhz audio variantını axtarıram. Çünki informasiya ən yaxşı eşitmə vasitəsilə qəbul edilir. Ən azından məndə belədir. Eşitməklə yadda saxlamaq məncə, ən etibarlısıdır.
- “Dil öyrənmə düsturu”nun əsası nədən ibarətdir? Təsvir edə bilərsiz...
- Dil özündə yalnız fiziki deyil, eləcə də psixi komponentləri daşıyır. Məni məhz bu cəlb etdi və son 8 ildə mən onun öyrənilməsi ilə məşğulam.
İnsan öz səyi ilə ilk dəfə, təkrar edirəm ilk dəfə hansısa dili öyrənməyə çalışarkən beynində öyrənmək üçün xüsusi alqoritm yaradır, özünəməxsus təməl qoyur, bu dilə sahib olduqda isə onda “dilçilik düsturu” yaranır, nəticədə bundan sonra öyrənmək istədiyi bütün dillər bu sxem üzrə gedir.
Bu barədə mən öz yeni kitabımda danışmışam. Burada mənim universal qrammatikam öz əksini tapıb. Bu, mənim “ixtira”mdır, “nou-xau”...
Əlbəttə, istənilən xarici dili öyrəndikdə onun doğma dillə müqayisəsi gedir. Mən tədrisin məhz fərdin doğma dilində aparılmasının tərəfdarıyam. Mən hansısa mənada söhbət doğma dildən gedərkən, hətta milliyyətçiyəm. Azərbaycanda təəssüf ki, azərbaycanlı ailələrdən olan uşaqları məktəbə rus bölməsinə və ya ingilis məktəbinə vermək kimi təcrübə var.
Valideynlər yaxşılıq etmək istəyirlər, amma bilmirlər ki, bununla pislik edirlər. Doğma dil düşünmə prosesinin dilidir. Və burada çox diqqətli olmaq lazımdır ki, uşağa düzgün istiqamət verəsən. Bütün qalan dilləri sonra da öyrənmək olar...
- Sizin yeni kitabınız necə adlanır? Onun barəsində daha ətraflı danışardınız...
- Mənim “Poliqlotun əl kitabı” adlandırdığım yeni kitabım bu yaxınlarda işıq üzü görəcək. Mən onun üzərində son səkkiz il müddətində işləmişəm.
İlk nəşr Azərbaycan dilində çıxacaq. Eyni zamanda kitab türk, rus və italyan dillərinə tərcümə edilir. Kitab 25 dili əhatə edir.
O, beş cilddə dərc ediləcək. Birinci cildə müasir dünyada daha çox yayılmış slavyan, alman, roman və finno-uqor qruplarına aid dillər daxildir.
Bir cildi Altay qrupu dillərinə həsr etmək istəyirəm. Bura türk dilləri, koreya və yapon dili daxildir...
Qalan cildlər digər dilləri əhatə edəcəklər: ivrit, sanskrit və s.
Onu 10 min nüsxə ilə çap etdirmək istəyirəm. Prinsipcə belə ciddi kitab üçün bu elə də böyük tiraj deyil, amma nəzərə alsaq ki, indi az adam kitab oxuyur, düşünürəm ki, bu başlanğıc üçün yetərlidir.
Bilmirəm oxucu kütləsi və tənqidçilər kitabımı necə qarşılayacaqlar, amma mən sadəcə biliklərimi ehtiyacı olanlara çatdırmaq üçün əlimdən gələn hər şeyi edirəm. Mənim kitabım xarici dil öyrənmək istəyən hər kəsə, bunu peşəkarcasına etməyə yardım edəcək.
Bu kitab dilçiliyin “pərdə arxası” mexanizmləri barədədir. Burada nəzəriyyə təcrübə ilə vəhdət təşkil edir.
- Sizin hazırladığınız universal qrammatika üzrə xarici dili maksimum 2-3 aya, minimum bir neçə günə öyrənməyin mümkün olması çox maraqlıdır... Siz qorxmursuz ki, ideyanızı oğurlayıb mənimsəyə bilərlər?
- Müəllif hüquqlarını heç kim ləğv etməyib axı, düzdür? Mən əlbəttə ki, onu almağa çalışacam. İstisna deyil ki, bu müəllif hüquqları yalnız Azərbaycanda deyil, eləcə də xaricdə də qeydiyyatdan keçiriləcək.
- Emin, bildiyiniz 25 dilin içərisində “sevimli” olanları varmı? Hansı dil sizin fikrinizcə, daha gözəldir, öyrənilməsi asandır? Onları özünüzəməxsus xarakterizə edin...
- Bütün dilləri sevirəm, onlar hərəsi özünə görə gözəldir. Xüsusiyyətlərinə gəldikdə isə deyə bilərəm ki, mənim üçün ən rahat olan dillərdən biri ingilis dili oldu. Bu dildə öz fikirlərimi ifadə etmək asandır. Mən hətta bədii kitablarımdan birini ingilis dilində yazıram. Amma etiraf edim ki, vaxtilə bu dili sevməmişəm...
Məktəb vaxtı mən ümumiyyətlə, onu öyrənmirdim. Bir gün hirslənib qarşıma onu mümkün qədər tez öyrənmək məqsədi qoydum. Buna dörd ayım getdi. Mən məqsədimə çatdım, və o gündən bəri özümü bu dilsiz təsəvvür etmirəm...
İtalyan dilini cəmi beş günə öyrənmişəm. Əgər daha dəqiq desəm, bu dilin strukturunu və 300 söz öyrəndim, bu isə mənə italyan dilində danışmağa imkan verdi. Bu dil o qədər düzgündür ki, qrammatik nöqteyi-nəzərdən məntiqi quruluşa malik olduğu üçün onu öyrənmək elə də böyük zəhmət tələb etmədi. İtalyan dili mənim üçün ən gözəl, daha doğrusu ən gözəl səslənən dildir.
Qədim olduğu üçün mənə daha maraqlı olan dil sanskrit dilidir. Hindistanın qədim dili öz kökləri ilə qədim əsrlərə gedib çıxır... Bu dil sözün əsl mənasında məni ovsunlayır.
Türk dilləri ecazkardırlar, çünki dünyagörüşünə görə mən pantürkistəm. Yeri gəlmişkən, qeyd edim ki, türk dilləri digər dillərlə müqayisədə mövcud olduğu zaman ərzində ən az dəyişən dillərdəndir... Onlar flektiv dillərdən, məsələn, ingilis dilindən fərqli olaraq, az dəyişən aqlütinativ dillərə aiddir.
Amma ən sevimli dilim – mənim ana dilim azərbaycan dilidir. Mən gələcəkdə azərbaycan dilinin qrammatikasına həsr edilmiş kitab yazmağı planlayıram. Bizim dilimizdə son zmanlar “çirkab” çoxalıb, əgər dilimizin saflığını qorumaq istəyiriksə, buna laqeyd qalmaq olmaz.
- Bəşəriyyət yarandıqda yalnız bir dilin olduğu haqqında Dini təlimlərlə razılaşan fikrə münasibətiniz necədir?
- Mən dünyaya baxışımda sırf elmi əsaslara arxalanıram. Bəli, qədim dövrdə əsas vahid dilin olması haqqında fərziyyə mövcuddur və bu fərziyyə yeni deyil. Amma bu fərziyyə olaraq qalır, onu hələlik heç kim sübut edə bilməyib. Linqvist-alimlər hələ də o vahid əcdad dili tapa bilməyiblər...
Dil canlı materiyadır. O, doğulur, yaşayır və hətta ölür... Ən azından “ölü” dil olan latın dilini xatırlayın.
Dilin inkişafına bir çox amillər təsir edir – zaman, coğrafi bölünmə, sosial amillər və s. Mənim nəzəriyyəm müqayisəli tarixi linqvistikaya əsaslanır.
- Anlayıram ki, elmi terminlər hamıya aydın deyil, ona görə də bunu misal üzərində göstərmənizi istərdim...
- Məsələn, belə bir təcrübə keçirək: deyək ki, Azərbaycan dilində müstəqil danışa bilən 10 nəfərdən ibarət iki qrup götürürük, onları planetin müxtəlif hissələrində yerləşdirək. 200 il keçdikdən sonra onlar qarşılaşarkən bir-birini çətin ki, başa düşərlər.
Bu gün dillər daha fərqli dəyişir, çünki dünyada başqa cür – daha tez dəyişir. Bizim televiziyamız, radio, mobil telefon əlaqəsi və internetimiz var – bütün bunlar əvvəllər yox idi.
Bu mövzuya dair bir sıra elmi ədəbiyyat mövcuddur, amma mən onların yanaşmasını bəyənmirəm. Çünki ədəbiyyatda ön plana bu və ya digər dilin istisna olması çıxarılır.
- Dilçilik bilikləriniz sizə həyatda kömək edirmi?
- Hardasa hə, hardasa yox. Çünki mənə bəzən insanlarla ünsiyyət qurmaq çətindir, çünki mən onların fikirlərini qabaqlayıram. Hər sözü o qədər tez təhlil edirəm ki, əvvəlcədən onların qarşıdakı dəqiqədə nə deyəcəklərini bilirəm...
Mənim üçün dilçilik gəlir gətirən peşə oldu. Mən öz işimi sevirəm, amma maraq dairəm bununla məhdudlaşmır.
Mənim çoxsaylı maraqlarım var. Və mən onlarla hər gün yüksək səviyyədə məşğul olmağa çalışıram. Bəlkə də bu, təvazökarlıqdan uzaq səslənəcək, amma mənim həyat kredom “dahi insan hər şeydə dahi olmalıdır” kimi səslənir.
Hər şeyi özün öyrənməlisən! Bu, mənim əsas prinsipimdir. Şəxsi “universitetlər”i heç kim və heç nə əvəz etməyəcək.
- Dediniz ki, bədii kitablar da yazırsız. Yazdığınız kitablar hansı janrdadır?
- Hal-hazırda belletrist romanımın üzərində işi başa çatdırıram. O, “Buqələmun” adlanır.
Mənim ən sevimli işim “The Next Human” (Növbəti insan) əsəridir. Kitab fantaziya janrındadır. Onun baş qəhrəmanı, gənc alim elm və mistikanın sərhədlərində bəşəriyyətin yaranma səbəblərini axtarır.
- Ədəbi yaradıcılığınızda sizə nə ilham verir?
- Bu, təbii ki, mənim dünya görüşümdür. Mənim fəlsəfi konsepsiyam transhumanizmdir. Mən elmin və texnologiyanın nailiyyətlərinin insanın əqli və fiziki imkanlarının yaxşılaşdırılması üçün istifadəsinin tərəfdarıyam.
Mən bu konsepsiyaya öz töhfəmi vermişəm – mənim universal qarammatika nəzəriyyəm bu məqsədlərə xidmət edir, belə ki, o, insan əqlini inkişaf etdirməyə imkan verir.
Mən inanıram ki, bəşəriyyəti gözəl gələcək gözləyir. Və burada xüsusi rol elmə aiddir. 50-60 il sonra, bəlkə də daha tez, bizi elə elmi ixtiralar gözləyir ki, onlar bizim üçün yalnız arzudur.
- Söhbətimizi kiçik sorğu ilə bitirmək istərdim: Sizin üçün sevimli tarixi şəxsiyyət?
- Makedoniyalı İskəndər.
- Sevimli şair və yazıçı?
- Bu, bizim xalq şairi və yazıçımız – Nəsimi və İsa Hüseynovdur (İsa Muğanna)
- Hansı musiqini sevirsiz?
- Ən çox roku sevirəm. Estrada və opera musiqisinə qarşı da laqeyd deyiləm, həm də özüm musiqi yazır və ifa edirəm.
- Oxucularımıza arzunuz?
- Ali məqsədlər üçün yaşamaq lazımdır. Qarşınızda belə məqsədlər qoyun və onlara nail olun.
- Maraqlı müsahibə üçün çox sağ olun, Emin. Sizə elmi fəaliyyətinizdə və yaradıcılığınızda uğurlar arzu edirəm.
- Təşəkkür edirəm.
P.S: Bizim Vətənimiz istedadlı, unikal insanlarla zəngindir. Emin Quliyev, sözsüz ki, o insanların sırasına aiddir. İstərdim ki, belə hərtərəfli istedadlı həmvətənlərimiz cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən dəstək görsünlər. Çünki, yüksək uğurlar əldə edərək və məşhurluq qazanaraq yalnız öz adlarını deyil, eləcə də vətənimizin – Azərbaycanın adını ucaldırlar.
Gülnarə Zeynalova
www.oxu.az