Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri dünən Aşağı Əskipara kəndinin ermənilərin işğal etdiyi hissəsində minaya düşmüş yerli sakin Əli Əliyevin cəsədini qaytarmaq məsələsini həll etmək üçün Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Qazax rayon Polis İdarəsindən bildiriblər.
Azərbaycan DİN-nin mətbuat xidmətindən bəyan ediblər ki, oktyabrın 6-da səhər saatlarında Qazax rayonunun Aşağı Əskipara kəndinin ermənilərin işğal etdiyi hissəsində Quşçu Ayrım və Alpoud kəndlərinin sakinləri Vəzir Əliyev, Xaqani Məhərrəmov və Əli Əliyev minaya düşüblər.
Partlayış nəticəsində Ə.Əliyev həlak olub, yaralanmış X.Məhərrəmov və V.Əliyev isə özlərini ən yaxın rayon xəstəxanasına çatdırıblar. Əli Əliyevin cəsədi partlayış yerində qalıb. DİN-nin məlumatına görə, kəndlilər itmiş mal-qaranı axtarıb tapmaq üçün ermənilərin işğal etdikləri əraziyə keçiblər.
Bu arada məlum olub ki, həlak olan – Ermənistandan qaçqın düşmüş şəxs ailəsi ilə Qazaxda yaşayırmış. Oktyabrın 5-də Əli Əliyev dostu Vəzir Əliyevə baş çəkib. Axşam Vəzir Əliyev öyrənib ki, onun bütün günü otlaqda olmuş 10 baş iribuynuzlu mal-qarası itib. Şahidlərin sözlərinə görə, heyvanları sonuncu dəfə cəbhə xəttində, Aşağı Əskipara kəndində görüblər.
“Ola bilsin heyvanları erməni əsgərləri oğurlayıblar. Vəzir Əliyev heyvanları axtarmaq qərarına gəlib, Əli Əliyev isə ona kömək göstərəcəyini deyib, çünki Ermənistanın Noyamberyan rayonunda doğulub və həmin yerləri yaxşı tanıyır. Dostlar qonşuları Xaqani Məhərrəmovu da özləri ilə götürüblər və gecə saat 03:00 radələrində yola çıxıblar” – deyə, Qazax RPİ-dən bildiriblər.
Zərərçəkən şəxslərin sözlərinə görə, Əli Əliyev irəlidə gedirmi. Və ona görə də, zərbə dalğasının əsas hissəsi onun payına düşüb. Partlayış saat 04:00 radələrində baş verib. X.Məhərrəmov və V.Əliyev yüngül xəsarət alsalar da, dostlarının cəsədini götürə biməyiblər, çünki erməni əsgərləri partlayış baş verən istiqamətdə atəş açmağa başlayıblar.
İndi BQXK-nin nümayəndələri Əli Əliyevin cəsədini doğmalarına qaytarmaq üçün ermənilərlə danışıqlar aparırlar.