Mən xalqımın taleyinə yazılan qaçqınlıq, köçkünlük dərdini, 20 yanvar gecəsini, Xocalı soyqırımını, qarış-qarış işğal edilən torpaqlarda həlak olan şəhidlərin dəfn edildiyi o Şəhidlər xiyabanının gündən-günə böyüməsini kitablardan və ya kinolentlərdən öyrənənlərdən deyiləm, bütün bunları canlı yaşamışam. Qanlı küçələri gözümlə görmüşəm, şəhid analarının fəryadını qulağımla eşitmişəm. Elə yaşım idi ki, gördüyümü və gördüklərimdən qəlbimdə doğan nifrəti unutmaq üçün ölüb yenidən dirilməyim lazım idi. Yəni, mümkünsüz idi!!!
Bu dəhşətlər başladığı dövrdə uşaq idik. Məktəbimizdə birdən-birə şagirdlərin sayı azaldı. Tənəffüsdə bir yerdə oynadığımız, Marina, Zoya, Rafael yox oldular. Zamanla erməni uşaqların niyə elə anidən yox olduqlarını anladım. Ölkəni tərk edənlər arasında isə həyat yoldaşı erməni olan azərbaycanlılar da az deyildi.
Sonra dəhşət dolu günlər başladı. Məktəbə o uşaqların yerinə başqa uşaqlar gəldi, Ermənistandan qaçqınlar, sonra işğal olmuş torpaqlarımızdan məcburi köçkünlər... İllər keçdi, çox şey dəyişdi. Amma dağ boyda köçkün dərdimiz, qabıq bağlamayan, qanayan Qarabağ yaramız yenə var.
Bu yaxınlarda Bakını ailəvi tərk edən bir nəfərlə təsadüfi görüşdüm. Ramina ilə rəsm dərnəyində tanış olmuşduq. Anası erməni, atası isə azərbaycanlı idi.
Şəhərdə çox sevdiyim, hər daşında tariximizin həkk olunduğu İçəri şəhərimizi gəzib dolaşdıqdan sonra “İçərişəhər” metrostansiyasından “28 may” stansiyasına piyada düşdüm. Ətrafda oynayan uşaqlar, Azərbaycanı təmsil edən suvenir dəzgahları... Bir sözlə, gözəl ab-hava. Bir vaxtlar dərnəyimizin yerində indi dəbli Butik fəaliyyət göstərirdi. Qeyri-ixtiyari ayaq saxladım. Qloballaşan dünyanın acı həqiqtələrindən biri – uşaqlıq xatirələrimizi əks etdirən məkanlarda ya şadlıq sarayı, ya da butiklər tikilib.
Adımı çağırdılar. Çağıran adamın yaddaşımı bıçaq kimi kəsən, amma kimə məxsus olduğunu xatırlaya bilmədiyim gözləri, baxışları və gülümsəməsi var idi. Çox tanış idi. Amma...
- Mənəm – Ramina.
- Ramina? Bir anlıq tələbəlik illərimdən, işlədiyim idarələrdən, getdiyim
elmi konfranslardan Ramina adlı adamı xatırlamağa çalışdım.
- Hə... Çox dəyişmişəm? Amma sən elə həmin toppuş qızsan (güldü).
Pərt olsam da məni uşaqlıqdan tanıyan birini görmək çox xoş idi.
- Düzünü deyim, tanımadım. Bağışlayın hansı Ramina?
- Rəsm dərnəyindən. Yadında deyiləm? Qadir müəllimin verdiyi tapşırığı
çəkəndə rəsmlərimizi iki yerə bölərdik, sonra dərsdə birləşdirirdik. Xatırladın?
- Həəə...
Yarıya bölünmüş dağlar, evlər, çiçək vazaları, meyvələr bir anlıq gözümün önünə gəldi. Yarımçıq dostluqlar, ailələr və talelər kimi. Uşaq ağlımızla nə vaxtsa hər şeyin yarımçıq qalacağını anlamışdıq deyəsən. Yaxınlıqdakı kafelərdən birinə daxil olduq. Qəhvə sifariş edib söhbətə başladıq.
Yarımçıq qalan uşaqlıq illərimizdən, həyatımızda olan yeniliklərdən danışdıq.
Bakıya gəlişinin səbəbini soruşanda, sadəcə “Darıxmışam. Qorxuram. Sabah nə olacağı bəlli deyil, indi imkanım var gəldim ki, doğma şəhərimi görüm” dedi. Ramina həkim olduğunu dedi. İnternanı Ukraynada keçib, bir müddət orada işləyib, sonra ixtisas artırma üçün Türkiyəyə gedib və türk ilə ailə qurub elə orda da yaşamağa davam edib.
Bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin nəzdində Qəzza bölgəsində olduğunu dedi. Orda olanları danışanda sanki Fələstin və yəhudilərin yox, öz dərdini danışırdı. Sözünü kəsmədim, sadəcə dinlədim. Çünki bəzən insanın sadəcə dinlənməyə ehtiyacı olur.
- Bilirsən, uzun müddət ora getməyi planladıq, yoldaşım da həkimdi. Oğlumu nənəsinin yanına, Moskvaya göndərdim. Bir neçə ay qaldıq daha dözə bilmədim. Gördüklərimə “de ja vü” kimi baxırdım. Çünki yaşadıqlarım idi. Ən dəhşətlisi uşaqların vəziyyətidi. İnanılmazdı, hamı elə bilir onlar heç nə başa düşmür, əksinə müharibəni olduğu kimi anlayan məhz onlardır. Uşaq qəlbləri ilə ən böyük ağrıya dözə bilirlər. Böyüklərin ağıllarını itirdikləri dərdləri qəbul edir, anlayır və inanmağa davam edirlər. Bax inanmaqları var ha, onları bizdən, yəni böyüklərdən fərqləndirir. Sabaha inanırlar... Anaları ölür, ataları ölür, evləri dağılır, ac qalırlar. Yenə də bir-birinə sıxılıb yatırlar, bir tikə çörək tapanda bölüşürlər.
Bir oğlan var idi hospitalda, 11 yaşında müsəlman idi. Heç danışmırdı, ağlamırdı, sadəcə susurdu. O yaşda uşaqların susması doğru deyil. Bir gün yaxınlaşıb, hardan gəldiyimi, niyə gəldiyimi soruşdu. Həkiməm, yardıma gəlmişəm dedim. Bilirsən nə dedi? Bura cəhənnəmdi, bura yalnız günahlarını yumaq üçün gəlirlər. Sənin günahın çoxdu? Bilmirəm ki... Əgər bura gəlib çatmışamsa demək ki, çoxdu, dedim. Yenidən susmağından qorxurdum, söhbətə tutmağa çalışdım. Bu cəhənnəmin, dəhşətin bitəcəyini, yenidən hər şeyin adi axarla gedəcəyini söylədim. Böyüyəndə nə olmaq istəyirsən deyə soruşdum. Usta olacam, uşaqlar üçün evlər tikəcəm dedi. Ağlamamaq üçün özümü güclə saxlamışdım. Lap yaxşı. Böyüyərsən, istədiklərin olar. Hər şeyi unudarsan. Yaxına gəldi, üzümdə nəfəsini hiss edirdim, balaca əlləri ilə üzümdən tutub, gözlərini qırpmadan gözlərimə baxa-baxa: “Hər şeyi? Hə unuda bilərəm hər şeyi. Amma atamın qanından olan uşaqları anamın qanından olan əsgərlərin öldürdüyünü unutmayacam!”, - dedi. Bu bir cümlə ilə üstü qabıq bağlamış yaramı qanatdı, dünyamı alt-üst etdi. Unutmağa çalışdığım uşaqlıq illərim, yarımçıq rəsmlərimiz, Bakıda qalan dostlarım, artıq Moskvada sonra isə Türkiyədə yaşadığım dövrdə Azərbaycandan aldığımız xəbərlər – hamısı canlanıb otağa doldular sanki. Bu dünyada bu uşaq kimi məni anlayan ikinci adam yox idi. Hə, doğrudur hər şeyi unudub tolerant davranmağa çalışdım. Amma atamın qanından olan uşaqları anamın qanından olan əsgərlərin öldürdüyünü unuda bilmədim! Əvvəlcə sadəcə “biz” var idik, sonra “onlar” və “bizimkilər” oldu. Hər şey yarımçıq qaldı.
Göz yaşları yanaqlarını islatdı. Nə deyəcəyimi bilmədim. Ramina danışmağa davam etsə də mən artıq heç nə eşitmirdim. Çünki nişanına 18 gün qalmış, Qarabağdan qara xəbər alan yarımçıq arzuların sahibi idim... “Jurnalistika qız sənəti deyil” anlayışına görə yarımçıq xəyalların yiyəsi idim...
Qoluma toxundu, getməli idi. Sağollaşdıq. Gözüm başımız söhbətə qarışdığı üçün fincanlarımızda yarımçıq qalan qəhvələrə sataşdı.
Həyatımın növbəti yarımçıq rəsmi...
Səbinə Səmidxan
www.oxu.az