Azərbaycanda yaşayış binalarının, fərdi evlərin tikintisi zamanı müvafiq qurumlardan mütləq şəkildə icazə alınmalıdır. Bu icazələrə tikintinin həyata keçirildiyi yerin seçimi, binanın hündürlük limiti, təhlükəsizlik göstəriciləri daxildir.
Bu qədər ciddi nəzarətə baxmayaraq, binaların və fərdi evlərin xarici görünüşü haqqında tənqidlər də tez-tez qabardılır. Əksəriyyət düşünür ki, hazırda tikintilərin xarici görünüşü, memarlıq üslubu, zövqlü tərtibatı baxımından ciddi problemlər mövcuddur.
Maraqlıdır, Azərbaycanda yaşayış binalarının və fərdi evlərin xarici görünüşünü zövqlü adlandırmaq olarmı? Bununla əlaqədar tələblər, qaydalar və real vəziyyət nədən ibarətdir?
Məsələ haqqında Oxu.Az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov tikintiyə icazənin verilməsi qaydasını izah edib. O qeyd edib ki, obyektlərin, çoxmənzilli binaların və digər təyinatlı tikintilərin həyata keçirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun şəkildə həyata keçirilir:
“Bu cür tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma layihələndirilməsinə uyğun aparılmalıdır. Yəni hər hansı Mənzil-Tikinti Kooperativi (MTK) və ya təsisat tərəfindən çoxmənzilli bina, yaxud digər tikinti inşa olunarkən öncə eskiz layihə təqdim olunur, ərazi qeyd edilir. Razılaşdırmadan sonra artıq rayon-şəhər icra hakimiyyətləri, yerli icra strukturları tərəfindən məsələyə baxılır. Tikinti işi 12 metrdən yuxarı olan binaların tikintisi üçün tələb edilən lisenziyanı almış tikinti şirkəti tərəfindən aparıla bilər”.
Fərdi evlərin tikintisi üçün icazə və qaydalara gəlincə isə, ekspert vurğulayıb ki, əsas məsələ ev tikintisi üçün seçilən torpaq sahəsinin təyinatıdır. Torpaq sahəsinin təyinatı tikinti işinin aparılmasına yol verməlidir:
“Torpaq özəl olmalıdır. Sahənin sənədləri üzərində layihə-smeta büroları olan lisenziyalaşmış təşkilatlar tərəfindən eskiz çəkilir. Həmin eskiz layihələri yerli icra strukturu ilə Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunur. Razılaşdırmalar əldə olunandan sonra ərazinin planlanmasına uyğun olaraq, bir, iki və ya üç mərtəbə olmaqla, hündürlüyü 12 metrdən yuxarı olmayan fərdi ev tikilə bilər. Özəl torpaq sahəsi yaşayış məntəqəsi təyinatında olmalıdır, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılmış və ya digər təyinatlı torpaqlarda fərdi evlərin tikintisinə qanunla icazə verilmir. Vətəndaş evini tikib başa çatdırdıqdan sonra təsdiq olunmuş layihə ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edib, çıxarışı əldə edir”.
Aysel Aslan
Rəylər