Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara təkrar müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Nazirlik küləkli hava şəraitində dənizə girməyin ciddi həyat təhlükəsi yaratdığını vurğulayaraq, vətəndaşları çimərliklərdə diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb:
"Hazırda müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, vətəndaşları dənizə girməkdən çəkinməyə və təhlükəsizlik qaydalarına əməl etməyə dəvət edirik. Unutmayın ki, qaydalara olan biganəlik birbaşa həyatınıza təhlükədir!"
Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara "112" qaynar xəttinə zəng etməyi tövsiyə edib.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan başqa, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".