Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Green Card” əldə etmək və ABŞ-a köçmək üçün nələri bilmək lazımdır?
Xristofor Kolumbun “yeni dünya”nı kəşf etməsindən sonra hər il minlərlə insan xoşbəxtliyi üçün bu qitəyə köçür. Bəziləri iqtisadi qeyri-sabitlikdən, bəziləri cinayət təqibindən, bəziləri isə yeni həyata başlamaq üçün bu yola əl atır.
Sənaye və aqrar sahənin, eyni zamanda iqtisadiyyatın inkişafından sonra miqrantların sayında artım müşahidə olunur, və XIX əsrdə ABŞ bəzi insanların ölkəyə girişinə məhdudiyyətlər qoyub.
“Amerikada yaşamaq arzusu” nəinki Avropa və Çinə, eləcə də bütün dünyaya yayılıb.
Mühacirlər sayəsində füsunkar ölkəyə çevrilən ABŞ sərt qaydalara əl atmağa məcbur olub. 1990-cı illərdə ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə bu ölkəyə daxil olmaq istəyənlər arasında lotereya sayılan “Green Card” yaradılıb.
O vaxtdan ABŞ hökuməti hər ilə bu ölkəyə gəlməyi arzulayanların statistikasını dərc edir. Misal üçün, Ukrayna, Özbəkistan, Türkiyə və digər ölkələrdən hər il bir milyondan çox insan “Green Card”a müraciət edir və onlardan yalnız 50 mindən az bir hissəsi arzusuna çatır.
Azərbaycanlılar da 1996-cı ildən bəri “Green Card”da iştirak edir. Həmin il lotereya qaliblərinin sayı 540 nəfər olub.
Bu il Azərbaycandan “Green Card”da iştirak üçün 50 mindən çox müraciət olub ki, bunlardan 1203 nəfərin ərizəsi qəbul olunub. Bu statistikaya qaliblərin ailə üzvləri də daxildir.
“Green Card” əldə edənlər arasında məşhurlar da var. Misal üçün, bu ilki qaliblər arasında “Natiq Ritm Qrupu”nun yaradıcısı Natiq Şirinov və “Mister Azərbaycan” Şakir Əhmədzadə də var. Ötən ilki məşhur qaliblər isə müğənni Elariz, “Dəyirman”ın keçmiş solisti Elmir Məhərrəmov və futbol hakimi Əliyar Ağayevdir.
“Green Card”ın mövcudluğu dövründə ABŞ-a dünyanın müxtəlif yerlərindən üç milyona yaxın insan köçüb. Bunlar əsasən, ABŞ-da yaşayan azsaylı xalqların nümayəndələridir.
Misal üçün, Böyük Britaniya (Şimali İrlandiya istisnadır), Braziliya, Çin, Kanada, Vyetnam, Filippin, Pakistan, Peru, Nigeriya, Hindistan, Cənubi Koreya, Yamayka, Haiti, Salvador, Kolumbiya, Dominikan Respublikası və Ekvadordan “Green Card”a müraciət etmək mümkün deyil. Qadağa son illər bu ölkələrdən mühacir edənlərin sayının çoxluğu ilə əlaqədardır.
Hansı ehtiyat tədbirlərini görmək lazımdır?
Əlbəttə ki, hər işdə olduğu kimi, burada da dələduzlar var. Bu, əsasən, insanların məlumatsız olmasından və ingilis dilini bilməməsindən irəli gəlir. Ancaq siz minimal dil bazası ilə də anketi doldura bilərsiz.
Anketi doldurmaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
1. Ən başlıacası ABŞ Dövlət Departamentinin rəsmi saytında qeydiyyatdan keçməkdir - http://dvlottery.state.gov/
2. Anketin doldurulması zamanı sizdən inanılmaz məbləğ istəyən və ya müsabiqənin nəticələrinə təsir edə biləcəklərini deyən sayt və ya təşkilatlara inanmaq olmaz. Unutmayın, bundan başqa, biz şəxsi məlumatlarımızı üçüncü şəxsə verməklə özümüzü riskə atırıq.
Qeyd etmək lazımdır ki, “Green Card”da iştirak tamamilə ödənişsizdir.
Tez-tez elə olur ki, həmin kontorlar hər il sizin məlumatlarınızdan istifadə edir və bir neçə il sonra uğur qazanmaq üçün qeydiyyatdan keçmək istəyəndə sayta dərhal sizi bloklayır.
Diqqət yetirmək lazımdır ki, bütün məlumatlar sizin xarici pasportunuzdakılarla eyni olmalıdır. Səhvlər sistemin sizdən şübhələnməsinə və müraciətdən imtinaya səbəb ola bilər.
Həmçinin, unutmaq olmaz ki, təsadüfi lotereyalar “Green Card”ın qazanılmasına zəmanət verə bilməz. Bundan başqa, bütün zəruri sənədləri toplamaq və müsahibə mərhələsi kimi çətin yolu keçmək lazımdır. Siz bunlarla yanaşı, tibbi yoxlamalardan keçməli olacaqsınız.
Əgər düşünürsüzsə ki, “Green Card”ı udmaqla pulunuz olmadan ABŞ-a köçə biləcəksiz, onda yanılırsız.
“Green Card” sizə ABŞ vətəndaşlarına verilən qədər hüquqlar təqdim edir. Dövlət sizi yaşayış yeri və işlə təmin etmir. Amerikaya köçən zaman özünüzü əsrlər əvvəl bura gələn ilk miqrantlar kimi hiss edəcəksiniz.
Buna görə də, bu lotereyaya müraciət etməzdən əvvəl, düşünün ki, siz həyatınızı 180 dərəcə dəyişdirməyə hazırsınızmı?
M.Axundov
www.oxu.az
Rəylər