Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşiblər.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə şikayət qaynar xəttə daxil olub.
Vətəndaş bildirib ki, özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlı Gürcüstandan Bakıya qayıtmaqda çətinlik yaşayır.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından bildirilib ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbat olduqca yüksəkdir. Bunun əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur.
Onu da qeyd edək ki, artıq Bakı-Tbilisi-Bakı qatarlarında vaqonların sayı 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Bu, təqribən 4 təyyarənin tutumuna bərabərdir.