“Yanıqları konservativ və cərrahi müalicə üsulu ilə sağaltmaq olur. IV dərəcəli yanıq nəticəsində ağırlaşmalar daha çox müşahidə olunur. Bunlara da kelloid, çapıqlar, kontrakturalar, dəri xərçəngi, eybəcərliklər və digərləri aiddir”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, intihar məqsədilə özünü yandırmaq halları da qeydə alınır:
“Bu hal qadınlar arasında çoxluq təşkil etsə də, keçən il kişilər arasında bu göstərici çox müşahidə olunub. Yanıqlar – termiki, kimyəvi, elektrik, günəş və şüanın təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir. Yanıqlar I, II, III və IV dərəcəli olur. Bunlardan ən ağırı IV dərəcəli yanıqlardır. Belə ki, bu yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları, bəzən də sümükləri əhatə edir. Bu zaman əzələ “bişmiş ət” şəklini alır”.
O qeyd edib ki, yanıqlara ilkin yardım zamanı kənar maddələrin (diş pastası, tomat, sidik, duru yağlar) vurulması düzgün deyil:
“İlkin mərhələdə yanıq nayihələrinə soyuq məhlullar tətbiq edilməlidir. Ağrıkəsicidən istifadə etmək olar. Antiseptik məhlullarla həmin nahiyələri yüngül formada sarğı etməklə dərhal onu həkimə çatdırmaq lazımdır”.
E.Ə.
www.oxu.az