Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hər kəsi heyran qoyan şəklin görünməyən üzü - REPORTAJ + FOTO/VİDEO
Sosial şəbəkələrdə paylaşılan bir fotonun xalqı qısa zamanda bir yerə toplayacağını bəlkə də heç kim düşünməzdi. Lakin, onlar bunu bacardı. Söhbət hər səhər sübh tezdən küçələri süpürən və bir gün fotoqraf Nuran Məmmədovun kamerasına tuş gələrək insanların diqqətini özünə çəkən ana ilə balaca qızı Ayandan gedir.
(Fotonun müəllifi Nuran Məmmədovdur)
Foto sosial şəbəkədə yayılan andan hər kəs onları axtarır və əllərindən gəldiyincə onlara yardım etmək istəyir. Oxu.Az-ın əməkdaşları gündəm olan fotonun qəhrəmanları ilə həmsöhbət olub.
Şövkət Əliyeva 1987-ci ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsində anadan olub. Ailəsi cəmi 4 il təhsil almasına şərait yaradıb və daha sonra ailə qurmağa sövq edib. Uzun illərdir, daha dəqiq desək, 10 yaşından Bakıda olduğunu deyən Şövkət bir ilə yaxındır ki, Səbail rayonu ərazisində küçələri süpürməklə çörək pulu qazanır.
Bir dəqiqə belə anasının yanından ayrılmayan Ayan anasını nə qədər çox sevdiyini ifadə etməyə söz tapa bilmirdi. Övladı anaya, ananın da övlada bu qədər bağlayan isə sevgi ilə yanaşı, həyatın gətirdiyi zamansız çətinliklərdir.
Heç bir sosial yardım almadığını deyən ananın sözlərinə görə, başqa gəlir yeri olmadığı üçün qızı ilə bərabər bu əziyyətli işə qatlaşır:
“Həyat yoldaşımla boşandıqdan sonra qızımla tək yaşayırıq. Hər gün səhər saat 5-ə qalmışdan oyanırıq. Hətta qızım məndən də tez oyanır. Bu gün geyinəcəyi paltarları özü seçir, hazırlaşır əlimdən tutur ki, gedək işə. Hər gün mənimlə səhər çıxır, axşam saat 7-8 arası evə qayıdırıq. Mən küçələri süpürürəm, qızım isə zibilləri yığır. Nə qədər deyirəm ki, “əl vurma”, “sən sadəcə yanımda dayan”, xeyri yoxdur. Deyir ki, “ana, sən əziyyət çəkirsən, mən də səninlə birlikdə əziyyət çəkəcəm”. Bu həyatda mənə kömək olan bircə bu qızımdı”.
Şövkət Əliyeva deyir ki, kirayədə qalmamaq üçün qızı ilə özü üçün kiçik ev düzəltmək istəyib, amma ona da gücü çatmayıb:
“Boş bir ərazi tapmışdım. Uçuq-sökük divarları var idi. Qapı yox, pəncərə yox. Qapısına adyal, pəncərəsinə yastıqlar qoyurdum ki, külək gəlməsin. Qışı da, yayı da eyni yerdə qızımla qucaqlaşıb yatırdıq. Yanımızda bina söküləndə daşların palçığını təmizləyib arabaya yığıb həyətə daşıyırdım. Qonşudan nisyə sement, tikinti üçün bir-iki şey alıb divar hördüm. Belə-belə ev tikdim, amma yağış yağanda su içində qalırdıq. Əlimdən gələn o idi, onu da etdim”.
Şövkət və qızı Ayan bu günə qədər problemlərini deyə bilmədikləri üçün çox əziyyət çəkiblər. Yalnız bir fotoqrafın şans əsəri çəkdiyi və ətrafa maraqlı, sevimli bir görüntü verən şəklin arxasında isə çox dərin mənalar, dəhşətli həqiqətlər yatır. Kaş ki, bu həyat hekayəsi xəbərsiz qalınan başqa Şövkətlərin, Ayanların da həyatına işıq tutsun.
Son günlər sosial şəbəkədə yayılan fotosunu soruşanda isə Şövkət Əliyeva fotonun çəkildiyindən xəbərsiz olduğunu deyir:
“Həmin fotonu mənə iş yoldaşlarımdan biri göstərdi, heç xəbərim yox idi. Mən sevmirəm şəkil çəkdirməyi. Birinci görəndə dedim ki, o şəkli məndən xəbərsiz kim çəkibsə, gətirin, görüm niyə icazəsiz paylaşıb. Mən çox utandım. İşimə görə yox, qızıma görə. İstəməzdim ki, foto yayılsın. Lakin, sonradan bizi çox adam axtardı, çox adam yardım etdi. Nəhayət, Kəmalə Ağazadə bizi tapdı və öz sığınacağına gətirdi. Burada bizə çox yaxşı davranırlar, bütün ehtiyaclarımızı qarşılayırlar. Qızım neçə ildir ilk dəfə rahat yataqda şirin yuxuya gedib.
Uzun müddətdir ilk dəfə gecə bir gözü bağlı, bir gözü açıq yatmamışam. Üşüyər, kimsə gələr, zərər yetirər deyə ilk dəfə düşünmədən səhəri açmışam. Ev demək olarsa əgər, qaldığımız yerdə bəzi gecələr əlimdə bıçaqla qızımın başının ucundan ayrılmırdım. Bundan sonra nə olacaq, necə olacaq bilmirəm. Şəkil yayıldıqdan sonra iş yerimdə məni işdən azad etməklə təhdid etmişdilər. Mənə iş vacibdir, amma övladım, onun sağlamlığı daha vacibdir”.
Şövkətin gözü Ayandan başqa kimsəni görmürdü. Əvvəl anlamadım, lakin sonra Ayanın ayaqlarını görüncə hər şey aydın oldu. Şövkət cəmi bir dəfə Ayanı gözündən kənarda qoyub işə getmişdi, onda da qızını qanlar içərisində tapmışdı:
“Ayanı mən bir an belə gözümdən kənara qoya bilmərəm. Uşaq əziyyət çəkir deyə bir dəfə anamın yanında qoyub işə getdim. Anamın başı qarışıb, məsuliyyətsiz yanaşıb uşağa. Qardaşımın oğlu ilə evdə oynayan zaman uşaq gedib peçin yanına. Ehtiyatsızlıqdan çaydana ilişib, içində olan qaynar su dağılıb uşağımın üstünə. Həmin otaqda anam, qardaşım olub, amma heç biri uşağı qorumayıb.
İşdə mənə zəng gəldi, qızın yandı dedilər. Ayanın ayaqları dördüncü dərəcəli yanıb. Həkimlər dedi ki, uşaq təcili əməliyyat olunmalıdır. Yoxsa yeriməsinə təsir göstərə bilər. Ayanın ayaqları hər gün qanayır, qaşınır. Mənim özümün də səhhətimdə problemlər var, lakin birinci Ayanın yaxşı olmasını istəyirəm. Balamı ağrısız, sağlam görmək istəyirəm”.
Ayan birinci bizimlə söhbət etmək istəmədi, daha sonra isə gülüşü bütün otağı bürüdü. 5 yaşı olmasına baxmayaraq, o qədər geniş ürəyi var ki, deyir hamınızı çox istəyirəm. Arzusu parka getməkdir.
Ş.Əliyeva deyir ki, küçələri süpürəndə parkların yanından keçəndə qızının kənardan baxması onu çox incidirdi:
“Həmişə deyirdi ana parka gedək? Apara bilmirdim, bilirdim ki uşaqdı, gördüklərini istəyəcək. Mənim isə pulum yoxdur. İkinci dəfə demirdi, kənardan baxırdı. Həmişə deyirdim ki, inşallah pulumuz olanda səni istədiyin vaxt parka gətirəcəm”.
Ayan park sözünü eşidəndə yenə qaçıb anasının qoynuna sığındı. Gözləri elə parıldayırdı ki, kövrəlməmək əldə deyildi. Parka getmək üçün geyinəcəyi paltarını belə seçib, hazır qoyub bu balaca qız.
Ş.Əliyev özü kimi çətinlik çəkən, kömək yeri olmayan qadınlara çətinliyə dözmələrini, övladlarını atmamalarını tövsiyə edib:
“14 ildir zülm çəkmişəm, amma nə Allaha naşükürlük etmişəm, nə övladımı atmışam, nə də əxlaqıma söz gətirmişəm. Qazandığımı uşağımın dərmanına vermişəm. Elə gün olub adi çörəyi suya batırıb yemişik. Bu gün hər kəsə borcum var, amma yavaş-yavaş maaş aldıqca qaytaracam. Çətinliklərimi heç kimə demirdim ki, artıq söz deməsinlər. Çalışsınlar, dözümlü olsunlar”.
Ana və uşağa qucaq açan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə deyir ki, əvvəlcə onların sənədləri düzələcək, daha sonra isə digər problemlərin həlli üçün müvafiq orqanlara müraciət olunacaq:
“Ananın və uşağın nə doğum haqqında şəhadətnaməsi, nə də digər sənədləri var. Mövcud sənədlər olub, sadəcə itib. İlk işimiz bu istiqamətdə olacaq. Onlara dəstək üçün kart hesabına bu günə qədər 211 manat və əlavə 100 manat sığınacağa yardım gətirilib. Məqsədimiz Şövkətin timsalında xidmət sektorunda, çətin şəraitdə çalışan bütün qadınların problemlərinin həll olunmasıdır. Səhər saat 5-dən axşam saat 8-ə qədər iş saatı olmaz. Xüsusilə tək qadınların işlədiyi dövrdə övladını əmanət edə biləcəyi təhlükəsiz şərait yaratmaq məqsədilə, həyat şəraitlərinin yaxşılaşdırılması üçün sosial layihə təklif edə bilərik. Əvvəllər beşgünlük bağça tipli müəssisələr olub, onların fəaliyyətini yenidən bərpa edə bilərik.
Bir uşağın həyatında sırf təhlükəsiz yeri olmaması, sosial yardım ala bilməməsi səbəbindən nə qədər faciə yaşanıb. Ana aldığı məvaciblə övladına baxsın, uşağının dərmanını alsın, evinə ərzaq alsın, hansı birinə çatdırsın? Hər gün övladının ayaqları ağrıyır deyə iş yerinə getməyə 5 manat taksi pulu verir.
Məqsədimiz odur ki, bu vəziyyətdə olan tək qadınlara xüsusi imtiyazların hazırlanmasını təklif edirik, çünki bu gün minlərlə belə qadın var ki, ciddi həyat mübarizəsi verir”.
K.Ağazadə balaca Ayanın əməliyyatı üçün tədbirlərin görüləcəyini də deyib:
“Biz qızın əməliyyat olunması və səhhətindəki problemin fəsadlar verməməsi üçün həkimlərə müraciət edəcəyik. Üstəlik onların evlərinin təmir-bərpa işlərinə də baxılacaq. Bu proseslər mərhələli şəkildə aparılacaq, lakin ilk növbədə uşağın əməliyyatı prioritet məsələdir”.
Könül Cəfərli
FOTO: Ramil Yunus
Rəylər