Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Heydər Əliyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışdı - MÜSAHİBƏ + FOTO
“Atanın fərdi olaraq oğluna Qarabağ, Şuşa ilə bağlı vəsiyyəti əsl vətənpərvərlik nümunəsidir”
Tanınmış jurnalist, “Report” İnformasiya Agentliyinin redaktoru, “Tərəqqi” medalı ilə təltif edilmiş Əsgər İbrahimovun imzası Azərbaycan oxucusuna, ictimai-siyasi dairələrinə, jurnalist həmkarlarına yaxşı tanışdır. O, 18 il AZƏRTAC-da - dövlətin mühüm informasiya agentliyində çalışıb, prezident müxbiri olub.
2021-ci il iyunun 4-dən isə onun bütün titullarından daha üstün bir statusu var - ŞƏHİD QARDAŞI. Ə.İbrahimov erməni quldurlarının Kəlbəcərin Susuzluq kəndində basdırdıqları tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalan jurnalist həmkarımız Məhərrəm İbrahimovun qardaşıdır.
Haşiyə: İbrahimov Əsgər Əli oğlu 1972-ci il sentyabrın 20-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndində anadan olub. 1979-cu ildə Ardanış kənd orta məktəbində 1-ci sinfə gedib. Bakı şəhəri Binəqədi rayonunda 99 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb.
1992-ci ilin oktyabrından 2010-cu il yanvarın 1-dək Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan dilində İnformasiya Baş Redaksiyasının baş redaktoru və prezident müxbiri olub.
Ə.İbrahimov həmçinin “Respublika” qəzetində, Anspress.com portalında məsul vəzifələrdə işləyib.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Həmin il martın 6-da Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqının (AzərKİVİHİ) Rəyasət Heyətinin Fərmanı ilə mətbuatda uzunmüddətli fəaliyyətinə və ədəbi-publisistik yaradıcılıq nailiyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də “Tərəqqi” medalı ilə təltif edilib.
2016-cı ildən indiyədək “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı var.
Əsgər İbrahimovla “Heydər Əliyev İli” çərçivəsində müsahibəni təqdim edirik.
- Bildiyiniz kimi, 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu il də müdrik şəxsiyyətlə bağlı mühüm tədbirlər, görüşlər keçirilir, məqalələr yazılır, çıxışlar edilir, xatirələr söylənilir. Siz də vaxtilə prezident müxbiri kimi ulu öndər Heydər Əliyevin fəaliyyətini görmüş, səfərlərini, tədbirlərini ən çox işıqlandıran jurnalistlərdən olmusunuz. Fikirləriniz, xatirələriniz oxucular üçün maraqlıdır...
- Ölkə başçımızın 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında ötən il sentyabrın 29-da imzaladığı sərəncamın çox böyük tarixi və mühüm əhəmiyyəti var. Bu, dahi şəxsiyyətin həyatının və siyasi fəaliyyətinin daha dərindən öyrənilməsi və araşdırılması baxımından faydalı və zəngin olacaq. Heydər Əliyev təkcə Azərbaycan üçün yox, region və dünya üçün önəmli şəxsiyyət idi. Çox xoşbəxtəm ki, jurnalistika fəaliyyətimin on ili Heydər Əliyev, səkkiz ili də İlham Əliyevin prezidentlik dövrünə düşüb və onların çıxışlarının, nitqlərinin, səsləndirdiyi önəmli fikirlərin dövri mətbuatda işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında fəaliyyətim olub.
Təbii ki, ulu öndərlə bağlı bu 10 il ərzində çox mühüm hadisələr yaşanıb, çox böyük və taleyüklü işlər görülüb. Heydər Əliyev hər zaman sadəliyi, insanlara səmimi münasibəti ilə seçilib. Hakimiyyətə gəldiyi vaxt Azərbaycanın çox ağır, böhranlı, çətin dövrü idi. O zaman xalqın dərdini anlamaq, güzəranı ilə maraqlanmaq, yaranmış daxili və xarici problemləri həll etmək böyük məsuliyyət tələb edirdi. Ulu öndər bu yükün altına çiyinlərini ürəklə verərək misli görünməmiş fəaliyyəti ilə adını tarixin qızıl səhifələrinə yazdırmağı bacardı. Biz bu gün də ümummilli liderimizin xatirəsini fəxr və qürurla anırıq.
- Heydər Əliyev adı xalqın yaddaşına həkk olunub və onun haqqında danışanda insan hər zaman fərəhlənir. Sizin düşüncəniz necədir?
- Əvvəla onu deyim ki, Heydər Əliyev adı başqa yerlərdə olduğu kimi, Göyçə mahalının Çəmbərək (Krasnoselsk) rayonunun Ardanış kəndi və sakinləri üçün həmişə qürur mənbəyi olub. Həqiqətən də, hər bir ailədə ulu öndərin varlığı, fəaliyyəti təqdirlə izlənilib və əsl qəhrəman kimi qəbul olunub. Bunun çox səbəbləri var. Əsas səbəblərdən biri Azərbaycan övladının SSRİ kimi vahid dövlətdə yüksək vəzifələrə ucalması, Göyçədə, Borçalıda yaşayan soydaşlara diqqət və qayğısı olub. Lakin təəssüf ki, mənfur düşmənimiz olan ermənilər hər zaman Heydər Əliyev adını o mahalda yaşayan azərbaycanlılardan sanki gizlətməyə çalışıblar. Əlbəttə, onu istəməyən, siyasi çəkisindən qorxan ancaq və ancaq ermənilər idi. Bunu isbatlamaq üçün bir faktı demək istərdim.
Mənim o zaman 11 yaşım vardı. Söhbət 1982-ci il dekabrın sonlarından gedir. Bildiyiniz kimi, həmin il dekabrın 23-də Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Həmin təyinat SSRİ mətbuatında geniş şəkildə dərc edilmişdi. Bizim kəndə də gündəlik qəzet və jurnallar gəlirdi. Kəndin poçt məntəqəsinin müdiri, sevimli müəllimimiz olan Zülfüqar Hümbətov idi və bu hadisəni mənə o danışıb. Ardanış başqa nəşrlər kimi, o dövrdə böyük nüfuza malik, aparıcı mətbuat orqanlarından olan “Komsomolskaya Pravda” qəzetinə də abunə idi və kəndə səkkiz ədəd qəzet gəlirdi. Heydər Əliyevin təyinatı ilə bağlı bu qəzetin birinci səhifəsində onun böyük şəkli, tərcümeyi-halı verilmişdi. Ermənilər həmin hissəni qəsdən kəsib götürmüşdülər ki, burada yaşayan azərbaycanlıların Heydər Əliyevlə bağlı ətraflı məlumatları olmasın. O qəzetləri rəhmətlik Zülfüqar müəllim son dövrlərə qədər saxlayırdı. Yəni taleyinə bədbəxtlik yazılan bu millətin şovinistləri hər zaman ümummilli liderimizin adından, nüfuzundan narahat olublar.
- O dövrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün xarici səfərlərin böyük əhəmiyyəti var idi. Ümummilli liderlə ümumilikdə neçə xarici səfərdə olmusunuz?
- Tamamilə doğru deyirsiniz. Bununla bağlı konkret rəqəm demək bir qədər çətindir, amma say az deyil. 10 il müddətində onlarla daxili və xarici səfərlərdə olmuşam. Bu zaman kəsiyi, həqiqətən, Azərbaycan üçün çox böyük önəm daşıyan dövr idi. Ulu öndərin xarici səfərləri görüntü, protokol xatirinə deyil, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, problemlər və erməni separatizmi, saxtakarlığı barədə məlumatları dünya ictimaiyyətinə yaymaq, həmçinin beynəlxalq təşkilatlar qarşısında qaldırmaq, Azərbaycan həqiqətlərinin planetin, demək olar, hər yerinə çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün idi. Ulu öndərin ozamankı xarici siyasəti Qarabağ probleminin bugünkü həlli üçün strateji zəmin idi. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də məhz bu siyasəti uğurla davam etdirərək, Heydər Əliyev siyasi, diplomatik gedişlərindən bəhrələnərək, özünün möhtəşəm zəkası və iradəsi ilə doğma Qarabağımızı yenidən Azərbaycana qaytardı, xalqımızın başını uca etdi və adını tarixə sərkərdə kimi yazdırdı.
- Xarici səfərlər zamanı şahidi olduğunuz hansısa maraqlı hadisə olubmu? Yadınızda daha çox hansı məqamlar qalıb?
- Sözsüz ki, xarici səfərlər zamanı bir çox hadisələr, maraqlı məqamlar olub. Mənim üçün ən yaddaqalan hadisələrdən biri 1997-ci il dekabrın 13-də Tehranda İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı - red.) Zirvə Toplantısında baş vermişdi. Protokol qaydasına uyğun olaraq, sammitöncəsi liderlər arasında təkbətək görüşlər keçirilirdi və ulu öndər də bir çox islam dövlətlərinin liderləri ilə görüşürdü. Yeri gəlmişkən, onların Heydər Əliyevə olan böyük hörmətinin, heyranlığının dəfələrlə şahidi olmuşam. Həmin sammitdə Türkmənistanın ozamankı prezidenti Saparmurat Niyazovla (Türkmənbaşı) təkbətək görüş nəzərdə tutulmuşdu. Bu zaman iki lider arasında mənim üçün unudulmayacaq maraqlı zarafatlaşma oldu. Türkmənistan prezidenti barmağına həmişə fərqli, qeyri-adi üzük taxardı. Bu dəfə də taxdığı üzük kifayət qədər böyük və diqqətçəkən idi. Biz kişilərin bu cür zinət əşyalarından istifadə etmələrinə öyrəşməmişik. Əlbəttə, bu epizod ulu öndərin diqqətindən yayına bilməzdi və onun gözü bu üzüyə sataşdı. Çox incə şəkildə onunla xeyli zarafatlaşdı. Yəni adətən, belə aksesuarların kişilərə, xüsusilə də ölkə başçılarına o qədər də yaraşmadığını diplomatik zəkası ilə başa salmağa çalışdı. Türkmənbaşı isə gülümsəyərək ulu öndərə belə üzüklərdən istifadə etməyi xoşladığını söylədi. Ümumiyyətlə, Saparmurad Niyazov, eləcə də Orta Asiya və islam ölkələrinin dövlət başçıları Heydər Əliyevə çox böyük rəğbət bəsləyirdilər.
- Biz Heydər Əliyevin jurnalistlərlə ünsiyyətinin bir neçə dəfə şahidi olmuşuq. Keçmiş kadrları izləyəndə jurnalistlərlə zarafatlaşdığı səmimi anlar da müşahidə olunur...
- 1998-ci il prezident seçkisində təbliğat-təşviqat kampaniyası çərçivəsində ayrı-ayrı bölgələrdə mitinqlər keçirilirdi. Ulu öndər də prezidentliyə əsas namizəd kimi seçki kampaniyasında iştirak edirdi. Budəfəki səfər Azərbaycanın cənub bölgələrinə idi. Bir neçə rayondan sonra nəhayət Masallı rayonuna gəldik. Masallıda meydanda onminlərlə insan toplaşmışdı. Həqiqətən, qürurverici anlar yaşanırdı. Heydər Əliyev kürsüdən seçki platformasını, proqramını açıqlayırdı. Xalqın problemlərinin həlli istiqamətində görülən işlərdən, nəzərdə tutlan tədbirlərdən, ən əsası da Qarabağ probleminin həlli üçün aparılan xarici siyasətdən bəhs edirdi. Yaxşı xatırlayıram ki, ulu öndərə bütün məsələlər barədə fikirlərini, tezislərini çatdırmaq üçün az zaman kifayət etmirdi. Ona görə həmişə 40 dəqiqə, bir saat, bəzən də bir saatdan çox bədahətən, yaddaşlara həkk olunan nitq söyləyirdi.
Təbii ki, mənim işim ümummilli liderin nitqini aydın şəkildə diktofonun lentinə köçürmək, xəbər hazırlamaq idi. Çünki səsyazmada problem yaranardısa, özüm üçün problem ola bilərdi. Bütün çıxışlar tam şəkildə sinxron yazılırdı və mətbuat orqanlarında dərc olunurdu. Nitqi yazmaq üçün səsucaldanın (dinamik) qarşısında dayanmışdım. Bir müddətdən sonra güclü yağış yağmağa başladı və getdikcə daha da şiddətləndi. Diktofona su düşməsin deyə onun üzərini müxtəlif vasitələrlə - gah pencəyin qolu ilə, gah əlimdəki bloknot ilə örtməyə çalışırdım. Təsəvvür edin, başınızdan yağış yağır, bütün paltar islanıb, bu vəziyyətdə diktofonu qorumaq cəhdlərim kənardan heç də ürəkaçan görünmürdü. Həmin vaxt öz funksiyamı yerinə yetirdiyim üçün kiminsə mənə diqqət edəcəyini, mənə baxacağını belə, düşünməzdim. İnanın, ulu öndər tribunadan sanki mənim o halımı gördü və bəlkə də, ona görə çıxışını nisbətən qısa etdi. Bu, heç vaxt yadımdan çıxmır. Yəni mənim üçün sanki bir möcüzə baş verdi. İndi hər dəfə yağış yağanda o hadisə yadıma düşür. Bunu, əlbəttə, dahi insanlar, müdrik şəxsiyyətlər duya, hiss edə bilərlər. Çünki o, hər bir epizoda diqqət yetirirdi. Bu cür hadisələrin sayı kifayət qədər idi. Yəni demək istəyirəm ki, Heydər Əliyev peşəsindən, ixtisasından, işindən-gücündən asılı olmayaraq bütün vətəndaşlara diqqətlə yanaşırdı. Jurnalistlərə münasibəti isə xüsusilə seçilirdi və çox yaxşı münasibət bəsləyirdi. Belə insani keyfiyyətlər ancaq dahi insanlarda olur.
- Sizin üçün ulu öndərlə ən unudulmaz səfər hansı olub və hansı səbəbə görə belə hesab edirsiniz?
- Demək olar, səfərlərin hər biri yaddaqalan olub. Fərq, sadəcə, yaddaqalma səbəbləridir. Məsələn, bəzi səfərlər siyasi çəkisinə, bəziləri liderlərlə səmimi görüşlərə görə seçilib. Elə səfərlər var ki, ulu öndərin beynəlxalq tribunalarda Azərbaycan naminə çıxışları, ona ünvanlanan suallara verdiyi unikal cavablar ilə yaddaşa həkk olunub. Yaxud daxildə və xarici ölkələrdə ona göstərilən böyük hörmət, istək, rəğbətlə yadda qalıb. Təbii ki, o zaman sırf Qarabağ probleminin həlli ilə bağlı Avropa ölkələrinə, beynəlxalq təşkilatlara, konfranslara edilən səfərlər siyasi gərginliyi ilə unudulmaz olaraq xatirəmdədir. Bütün bunlara rəğmən, qardaş Türkiyəyə olan səfərlər həmişə doğmalığı ilə seçilib. Mən də xoşbəxtəm ki, bu hadisələrin şahidi olmuşam.
- Heydər Əliyev tarixə adını dahi siyasətçi kimi yazdırıb. Onun xaricdə və ölkə daxilində keçirdiyi görüşlərlə bağlı da xatirələrinizi eşitmək istərdik...
- Ulu öndərin varlığı elə ən böyük zəngin xatirədir. Heydər Əliyevin adını eşidəndə, şəklini görəndə onunla bağlı bütün xatirələr lent kimi gözümün önündən keçir. Həmin səfərlərin heç birini ayırmaq istəmirəm, hər biri ayrı-ayrılıqda dəyərlidir, tarixidir, unudulmazdır. Xaricə səfərləri hər zaman məqsədli olub, yəni əhvali-ruhiyyəyə görə olmayıb. Həmin məqsədlər sırf Azərbaycanın və sevimli xalqının maraqlarını özündə ehtiva edib.
- O görüşlərdəki prioritetlərlə bağlı da danışmağınızı istərdik.
- Təbii ki, görüşlərin əsas məğzi, məqsədi erməni işğalçılığı, separatizmi və bundan dolayı xalqımızın düşdüyü çətin vəziyyət, işğal altında olan ərazilərin azad edilməsi idi. Azərbaycanın təbii sərvətlərinin dünyaya çatdırılması idi. Ulu öndər 1996-cı il sentyabrın 20-də “Əsrin Müqaviləsi”ni imzalamaqla Azərbaycanı dünyada tanıtdı. O, buna heç də asan nail olmadı. Bu müqavilə ilə Azərbaycan nisbətən özünə gəlməyə başladı və iqtisadi dividendlər əldə edərək qarşıda duran problemlərin həlli üçün mənbə yaratdı. Bütün bunlar bügünkü Azərbaycanın simasında görünür.
- Şuşa işğaldan azad olunan zaman İlham Əliyev xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə qürurlu olduğunu xüsusi vurğuladı. Heydər Əliyev vəsiyyətində belə, xalqını və ölkəsinin ərazi bütövlüyünü düşünmüşdü.
- Əlbəttə. Tanrı o müdrik şəxsiyyəti xalqımıza müasir Azərbaycanın xilaskarı kimi bəxş etmişdi. Heydər Əliyevin bütün nitq və çıxışları tövsiyə və nəsihət xarakterli olub, ölkənin ərazi bütövlüyü məsələsi siyasətində prioritet olub. Amma atanın fərdi olaraq oğluna Qarabağla, Şuşa ilə bağlı vəsiyyəti əsl vətənpərvərlik nümunəsidir. Əgər bir tarixi şəxsiyyət xalqı üçün doğulub və bu dünyadan köçürsə, onun qəlbindəki duyğunun, istəyin, vəsiyyətin milli və ərazi bütövlüyü ilə bağlı olması qürurvericidir. Təbii ki, bu vəsiyyət hörmətli Prezidentimiz İlham Əliyevin fəaliyyətində və duyğusunda fərqli pəncərə açıb. Bu, ata üçün oğluna inam, oğul üçün isə atanın vəsiyyətini yerinə yetirmək arzusu ilə ciddi məsuliyyət və vəzifə idi. Çox şükür ki, ölkəmizin lideri İlham Əliyev bu arzuları 2020-ci il noyabrın 8-də Qarabağ uğrunda Zəfər Qələbəsi ilə gerçəkləşdirdi və ata vəsiyyətini xalqla məhz qələbədən sonra bölüşdü.
Ümumiyyətlə, son 200 illik tarixdə Azərbaycan ərazi itkisi ilə üzləşib. Lakin iki əsrdən sonra qazanılan Zəfər, Böyük Qələbə ilə Prezident İlham Əliyev böyük sərkərdə kimi adını Azərbaycan və dünya tarixinə yazdırmağı bacardı. Əminəm ki, dövlət başçımızın ağıllı, uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasəti ilə biz 1918-ci ildə mövcud olmuş 114 min kvadratkilometrlik halal ərazimizı bərpa edəcək, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağıq.
Rəylər