"Müavinət və təqaüdlərin ödənilməsi üçün növbəti il 2.1 milyard, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon, keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə 60 milyon manat vəsait nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, sosial müdafiə və təminat xərclərinin 34.7 faizi və ya 1.7 milyard manatı isə dövlət öhdəliklərinin maliyyə təminatı üçün Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsaitin payına düşür:
"Son beş ildə (2022-2026-cı illər) sosial müdafiə və sosial təminat xərcləri mütləq ifadədə 1.4 milyard manat və ya 40.7 faiz artıb".
"2026-cı il üçün təhsil və elm xərclərinə 5.2 milyard manat vəsait nəzərdə tutulur. Bu cari illə müqayisədə 68.4 milyon manat və ya 1.3 faiz, ötən illə müqayisədə 658 milyon manat və ya 14.3 faiz çoxdur. Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsili maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 48 milyon manat və ya 8.4 faiz çoxdur. Həmin vəsaitin 412 milyon manatını təhsil xərcləri, 177 milyon manatını təqaüd xərcləri, 27 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək. 2022-ci illə müqayisədə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1.4 milyard manat və ya 35.7 faiz artıb", - deyə nazir müavini əlavə edib.
Mərahim Nəsib