Mayın 22-də axşam saatlarında 100 nəfərə yaxın Hökməli kənd sakini Bakı-Şamaxı yolunu bağlayaraq etiraz aksiyası keçirib.
Oxu.Az xəbər verir ki, hadisə yerində olan “Azadlıq radiosunun müxbirinin verdiyi məlumata görə, adamlar mayın 18-də həbs olunan kənd sakini Rasim Cəbrayılovun təcridxanada səhhətinin pisləşməsindən narahatdırlar.
Saxlanılan Rasim Cəbrayılovun oğlu Kənan Cəbrayılovun Azadlıq radiosuna dediyinə görə, 4 gün əvvəl atasını Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə dəvət ediblər və daha sonra onun saxlanıldığını bildirblər:
“Atamı niyə tutublar, polis bizə heç bir söz demir. Bir müddət əvvəl evdə infarkt keçirmişdi. Dünən də polis təcridxanasında infarkt keçirib və bədəninin bir tərəfi iflic olub. Daxili İşlər Nazirliyinin hospitalına aparıblar. Nə onun səhhəti ilə bağlı bizə məlumat verirlər, nə də imkan verirlər ki, özümüz onu müalicə etdirək. Hazırda atamın reanimasiya şöbəsində olduğunu deyirlər. Bildirirlər ki, vəziyyəti çox ağırdır. Amma heç birimizi yanına buraxmırlar”.
Kənan Cəbrayılovun dediyinə görə, kənd qadınları da Bakıda, hospitalın qarşısındakı yolu bağlamağa cəhd ediblər.
“Atam kənddə hörmət olunan bir adamdır. Xırda ticarətlə məşğul olur. Onun həbs olunması və infarkt keçirməsi kənd sakinlərində narazılıq yaradıb”.
Hələ ki Daxili İşlər Nazirliyindən məsələyə hər hansı münasibət öyrənmək mümkün olmayıb.
Bir qədər sonra polis aksiyaçıları yoldan kənarlaşdırıb.