"Bir işıq" adlı vəsaitin məsul şəxsi Samir Mətinov kitabda yer alan xətaya münasibət bildirib.
Oxu.Az-a açıqlama verən S.Mətinov bildirib ki, oktyabr ayında bu kitabların hər biri satışdan yığışdırılıb və yeni nəşrdə bu yanlışlıq aradan qaldırılıb:
"Biz iki minə yaxın nəşri geri qaytarmışıq. Hansısa mağaza və ya satıcı əlində kitabı saxlayıbsa, qaytarmayıbsa, bu, bizim günahımız deyil. Vəsaitləri hər il yeniləyirik. Özümüz səhvi gördüyümüz üçün kitabı yenilədik".
"Bir işıq" adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, çox sayda müəllim bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirməyə (KSQ) hazırlayır.
Narazılığa səbəb olan tapşırığın şərtində "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.
"Adam" variantı şagirdlərin şüuraltında qatil psixologiyasını formalaşdırmağa yaradığı üçün valideynlər bu tapşırığı birmənalı qarşılamayıblar. Bəs görəsən, Azərbaycan dilində başqa söz yoxdurmu? Niyə məhz "adam"?
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən test tapşırığının 114 saylı məktəbdə 1-ci sinif şagirdlərinə təqdim olunduğu bildirilir. Lakin bu vəsaiti çox sayda müəllim istifadə etdiyi üçün söhbətin geniş arealı əhatə etdiyi məlum olur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.



Məhərrəm Əliyev