Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında plandankənar yoxlama aparıb.
Oxu.Az xəbər verir ki, yoxlama Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Vüqar Ramiz oğlu Məmmədova məxsus kolbasa və sosiska istehsalı müəssisəsində keçirilib.
Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib.
Bundan əlavə, müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, həmçinin məhsul partiyasının satış şəbəkələrindən geri çağırılması barədə qərar qəbul edilib.