Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İfası ilə məşhurlaşan sığınacaq sakini: “Mən övladımın yanındayam, o isə tək yatır” - MÜSAHİBƏ + FOTO/VİDEO
İnsan həyatda heç nədən sığortalanmayıb. Bəzən qadınlar yaşadığı çarəsizlikdən məhz sığınacağa üz tutur, son ümidi burada görürlər. Bu günə kimi yüzlərlə qadının yolu məhz bu məkandan keçib. Körpəsi ilə köməksiz qalan qadınlar bu ocağa təkcə sığınmaqla kifayətlənmir, burada yenidən güc toplayıb həyatlarına inamlı formada davam edirlər. Bu məkanlardan biri də “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Qadın və uşaq” sığınacağıdır. Elə budəfəki müsahibimiz də oğlu Yunislə birlikdə sığınacağa pənah gətirən Vüsalədir. Onunla tanışlığımız sığınacaqda ifa etdiyi “qal sənə qurban” mahnısı sayəsində oldu.
Vüsalə Hüseynova Oxu.Az-a müsahibəsi zamanı yaşadığı uğursuz evlilikdən, peşmanlığından, ürəyində yarım qalan arzuları və xəyalları barədə danışıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Vüsalə xanım, sizi daha yaxından tanımaq üçün bizə özünüz, həyatınız barədə danışın...
- Mən 1989-cu ildə Kəlbəcər rayonunda anadan olmuşam. Musiqiçi ailəsində dünyaya gəlmişəm, atam qarmon ifaçısıdır, özüm də qarmon ifa etməyi bacarıram. Təxmini 2005, 2006-cı illərdə Gəncədə keçirilən Beynəlxalq Uşaq Muğam Festivalında iştirak edərək finala vəsiqə qazanmışam. Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar artist Teymur Əmrah da həmin festivalda münsiflər heyətində idi. Sonra bizi Bakıya dəvət etdilər. Ancaq həmin ərəfələr mən özümü nasaz hiss etdiyim üçün layiqli çıxış edə bilmədim və məyus halda Gəncəyə qayıtdım. Üçüncü qrup üzrə ali məktəblərə qəbul imtahanlarına hazırlaşırdım, hələ ixtisas seçməmişdim, o da yarımçıq qaldı. 22 yaşımda atamın razılığı ilə ailə həyatı qurdum. Ancaq bu yanlış bir addım idi. Bunun nəticəsi olaraq da bu gün sığınacaqdayam. Yeddi yaşlı bir oğul övladım var. Oğlum Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin muğam bölməsinin birinci sinfinə daxil olub. Hazırda mən də peşə məktəbinin aşpazlıq ixtisasına daxil olmuşam. Ancaq əsas istəyim musiqi təhsili almaqdır.
- Neçə müddətdir artıq bu sığınacaqdasınız, burada yaşadığınız çətinliklər nələrdir?
- Sığınacaqda yeniyəm, bir həftəyə yaxındır buradayam. Hüquqi yardım almaq üçün gəlmişəm. Hazırda hüquqşünasla müəyyən məsələlər həll olunur. Mənim Bakı şəhərində evim yoxdur. Uzun illər qayınatamın yanında yaşadığım üçün ayrı ev almağa da imkanım olmayıb. Valideynlərimin yanında da yerləşmək çox çətindir, çünki iki otaqdan ibarət evdir və qardaşım da ailəsi ilə birgə orada yaşayır. Bu baxımdan qalacaq yerim olmadığına görə övladımla birlikdə sığınacağa üz tutmuşam.
Bu sığınacaqda mən çox şeyi öyrəndim. Müəyyən məqamlarda insan təəssüflənir ki, kaş belə olmazdı. Burada valideyn himayəsindən məhrum olmuş uşaqlar var, o mənə pis təsir edir. Təsəvvür edin, eyni otaqda mən öz övladımın yanındayam, o uşaq isə tək yatır. Mən bunlara dözməyə, ayaqda qalmağa çalışıram.
- Niyə məhz “qal sənə qurban” ifası? Necə oldu ki, ifanı paylaşmaq qərarına gəldiniz, əsas məqsəd nə idi?
- O ifa mənim üçün çox əzizdir. Mən heç vaxt səsyazma studiyasında, böyük səhnələrdə olmamışam, yalnız muğam festivalında canlı çıxış etmişəm. Mən sığınacaq rəhbərliyinə arzum barədə bildirdikdə onlar mənə dəstək oldu, səsimi yazıb, aranjiman etdilər və paylaşdılar. Mən bu sənəti davam etdirmək istəyirəm, sənətkarlardan, peşəkarlardan bu sənəti öyrənmək istəyirəm. Bu mənim ürəyimdə qalan uşaqlıq arzumdur.
- Dinlədiyiniz ifaçılar kimlərdir?
- Bəyənərək dinlədiyim ifaçılar çoxdur, Arif Babayev, Könül Xasıyeva, Babək Niftəliyev, Mirələm Mirələmov, Alim Qasımov, Fərqanə Qasımova və başqaları.
- Həyata bağlanma səbəbiniz, arzularınız nələrdir?
- Hazırda ən böyük arzum, istəyim oğlumla bağlıdır. Onu layiqli vətəndaş kimi böyüdüb, təhsil vermək istəyirəm. Özümlə bağlı arzum isə musiqi təhsili almağımdır. Xanəndələrdən və vokal ifaçılarından mənə əl tutub dəstək olmaqlarını xahiş edirəm. Çünki mən də o janrda ifa edirəm. Musiqi təhsili alıb bu sahədə özümü inkişaf etdirmək istəyirəm. Bu mənim qəlbimdə heç zaman sönməyən yanğı, arzudur...
View this post on InstagramDilşad Bəhruzqızı
Daha çox şəkil burada: Photostock.az
"Alim Qasımov" teqi üzrə xəbərlər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Bakıda özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - VİDEO
- Fantastik qiymətə toya gedən Natiq Şirinov: “45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam” - FOTO
Ən çox oxunanlarDigər xəbərlər