Qəşəm Nəcəfzadə yazır...
“Facebook” da toy kimidir - “toya gedərsən, toyuna gələrlər” prinsipi “Facebook”da özünü tamamilə doğruldur. Əgər kiminsə yazısını “layk” edirsənsə, hökmən o da sənin yazını “layk” etməlidir, özü də oxumamış... Dəfələrlə öz təcrübəmdə bunu sınaqdan keçirmişəm. Məsələn, altı min işarəlik yazını paylaşan kimi bir saniyə içərisində 10-15 “layk” gəlir. Ay can! Çox qəribədir, deyilmi?
Qonşumuzda bir dul arvad var. Hamı onu Aysel xala deyə çağırır. “Facebook”da elə oyunlardan çıxır, adamın əli-ayağı yerdən-göydən lap üzülür. Məsələn, qəzetdə bir millət vəkilinin şəklini mənə göstərib deyir: “Müəllim, bilirsən bu kimdir? Deyirəm filankəs. Onunla “Facebook”da yazışmasını göstərir mənə”.
Aysel, Aysel deyil ey, od parçasıdır. Ərindən boşananda o qədər məhkəmələri gəzib ki, işə düzəldən olsa, lap vəkil işləyə bilər. Civə kimi arvaddır. Diqqətlə baxsan, dəliyə oxşayır. Üstü-başı kirli. Kafedə qabyuyan. Ürəyə girən, başda qaynayan. Həm də itoynadanın biri. Bitin arxasına birə yazır. Şou-biznesə xəbər çatmamış birinci Aysel bilir. Lap elə küçəmizdə maşınların nömrəsini əzbərdən deyir. Küçə uşaqlarını burnundan tanıyır. Kişilər söyməyən söyüşləri söyür. Qonşuların “vayfay”ının kodunu asanlıqla sındırır. Oturur küçədə daşların üstündə, başlayır “Facebook”da adamları oynatmağa...
Ayselin barmaqları planşetin üstündə oynadısa, bilmək olar ki, “Facebook”da adamlar artıq “Tərəkəmə” oynayırlar. Aysel ara-sıra şeir yazır. Dediyinə görə, şeirlərinə Elza Seyidcahan mahnı bəstlələyir. Şeirləri də nədən ibarətdir? Dəniz, sevgi, dodaq, öpüş, ayrılıq, həsrət və sairə.
Nə isə, keçək millət vəkilinə. Millət vəkili “Facebook”da yazır ki, salam, gözəllər gözəli, Aysel xanım! Aysel də uşaq deyil ki, salamı bir az gec yazır. Millət vəkili darıxır, yenə yazır ki, Aysel xanım, sizin şeirləri oxumaq istəyirəm.
Aysel də deyir:
- Müəllim, elə buradan oxuyun.
- Yox, mən şeirləri sizin dilinizdən eşitmək istəyirəm.
- Müəllim, axı mən çölə çıxa bilmərəm.
- Niyə?
- Nənəm qoymur.
- Bəs mən sizi harada görə bilərəm?
Aysel də yaxşı bilir kişinin azarını...
- Heç harda))))))) - yazır və arxasınca da gülüş işarəsi.
Qızın işinə bax, sonra bir kəlmə yazıb internetdən çıxır.
- Oyyyyyyy, nənəm gəldi.
Bu, Ayselin 10 gün bundan qabaqkı yazışmasıdır. Millət vəkili ilə mən uzaqdan tanışam, bir dəfə ayaqüstü salam verib-almışam. 65 yaşı olar-olmaz. Ölkənin ictimai həyatında fəal iştirak edir. Elmlər doktoru, professordur, bərkgedən universitetlərin birində dərs deyir. Hər adam qəbuluna düşə bilmir. Yanında iri gövdəli, qollu-budaqlı cangüdənləri var. Bir neçə yerdə villası, restoranı, şirkəti var, bir sözlə, hər yerdə sözü keçəndir. Millət vəkili seçildiyi rayona qan uddurur.
Amma qonşumuz Aysel hamının heyfini artıqlaması ilə ondan çıxır, yediyini-içdiyini burnundan tökür.
Aysel bir neçə gün əvvəlki yazışmalarını mənə göstərir.
- Salam, gözəllər gözəli Aysel xanım.
- Salam.
- Sənin yeni şeirlərini canlı dinləmək istəyirəm.
Aysel belə bir işarə qoyub:
- )))))))))))
- Neçə yaşın var, quzum?
- 18 yaşım var.
- Nə gözəl... yoldaşınız harda işləyir?
- Yoldaşım yoxdur, cəmi iki ayın gəlini olmuşam.
Burada professor lap həyacanlanır:
- Niyə? Boşandın?
- Yox, məni qaçırdılar, iki ay saxlayıb qaytardılar.
- Sənə maşın alaram.
Aysel də belə işarələr qoyur:
- ))))))))))
- Sənə bəstəkar taparam, şeirlərinə mahnı bəstələyər.
- ))))))))))
- Səni universitetə düzəldərəm.
- )))))))))))
- Səni Milli Məclisə üzv seçdirirəm.
- )))))
- Xaricə apararam.
- )))))))
Professor yalvarmağa başlayır.
- Başına dönüm, Aysel.
- Qurban olum, Aysel.
Aysel bütün günü kompüter əlində qonşuları gəzir. Millət vəkili ilə olan yazışmalarını hamıya göstərir. Ayselin əsl adı, sən demə, Saradır. Aysel bunun qondarma adı imiş... Yaşını internetdə 18 yazıb.
Bəli, camaatı saymayan boynu qırmızı qalstuklu, əli diplomatlı, yanı cangüdənli, dolu bədənli, enlikürək millət vəkilli qonşumuz Sara arvadın əlində əməlli-başlı oyuncağa çevrilib.
Ay səni, namərd internet!