"İqlim haqqında" qanun layihəsi ictimai müzakirəyə təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə Nazirliyin eco.gov.az saytında "Elanlar" bölməsinə yerləşdirilib.
Qanun Azərbaycan Respublikası Konstitusiyasına, ölkənin qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq, aşağı emissiyalı, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atmosferdəki istixana effekti yaradan qaz emissiyalarının azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma kimi fəaliyyətlərin planlaşdırılması və icrası məsələlərini əhatə edən iqlim siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar layihə ilə tanış ola, rəy, irad və təkliflərini bu elan yerləşdirildiyi tarixdən 20 sentyabr 2026-ci il tarixinədək legal.audit@eco.gov.az ünvanına göndərə bilərlər.