Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Bakı şəhər DYP-dən məlumat verilib.
Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş 99-YP-460 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ə.Kərimov Növbətçi Hissədə sürücü işləyirdi. Onun xeyli miqdarda borcu olduğu, “Topaz”da çoxlu pul uduzduğu, elə buna görə də qaçıb gizləndiyi bildirilir. Əliş Kərimov iki il əvvəl yaşadığı ərazidə bıçaqlanıbmış. Amma hadisənin səbəbi məlum deyil.
05.02.2017
Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ-dən qafqazinfo-ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb və idarəyə gətirilib. Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb. Ə.Kərimov axtarıldığından xəbərsiz olub.
Qeyd olunur ki, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.
Ə.Kərimov YPX əməkdaşı deyil, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir. Polis serjantıdır.
A.M.