Növbəti dərs ilinin başlanması ilə əlaqədar olaraq bir neçə həftə sonra tələbələr yenidən paytaxta axışacaqlar. Bu isə kirayə mənzil bazarında canlanma yaradacaq.
Hazırda imtahan nəticələrinə uyğun olaraq ev axtarışına çıxan tələbələr belə var. Lakin ucuz evlər bir neçə aydır ərşə çəkilib.
Mövcud vəziyyəti nəzərə alaraq, mənzil bazarındakı son durumu və kirayə evlərin qiymətində yaranan artımların səbəbini öyrənmək üçün ekspertlərə müraciət etdik.
“Əmlak Ekspert Mərkəzi”nin sədri Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bu il kirayə evlərin minumum qiymətinin 300 manatdan başlayacağını bildirib:
“Hələ ki, tələbələrin geri dönüş prosesi başlamayıb. Bu proses yerləşmə məlum olduqdan sonra baş verir. Bu da təqribən avqust ayının ikinci on günlüyünə təsadüf edir. Hələ ki bazarda sabitlikdir. Hər hansı formada dinamik dəyişiklik müşahidə edilmir.
Ola bilsin ki, müəyyən şəxslər nəticələrinə əsaslanaraq mənzili indidən axtarırlar. Çünki onlar üçün mənzilin oxuduqları təhsil müəssisəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Amma bəzi şəxslər düşünürlər ki, tədris müəssisəsini öyrəndikdən sonra seçimə başlamalıdırlar. Bunlar isə təhsil alacaqları ali məktəbə yaxın mənzil tapmaq istəyənlərdir. Bu mənada hələ ki kütləvilik müşahidə edilmir.
Üstünlük daha çox bir və ya iki mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan “Sovetski”, “Kubinka”, “Montin” və Yasamal kimi yaşayış massivlərinə verilir. Məsələn, 3 və ya 4 nəfər yığışıb 500 manatlıq ev tutur”.
Ekspert qeyd edib ki, tələbin artımı, müəyyən mənada müraciətlərin çoxluğu qiymətə təsir edəcək.
“Az da olsa qiymət artımı baş verəcək.
Keçən il mənzillərin qiyməti minimum 250 manatdan başlayırdı. Fərdi yaşayış evlərində isə otaq sayına görə qiymət dəyişirdi. Yəni minimum 200 manatdan başlayırdı. Bu il isə artıq 250 manata kirayə ev tapmaq mümkün deyil. Minumum qiymət 300 manat olacaq”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov daha çox aparıcı universitetlərin yaxınlığında yerləşən mənzillərdə süni şəkildə qiymət artımlarının olacağını proqnozlaşdırır:
“Aparılan monitorinqlər göstərir ki, son 2 ayda kirayə bazarında qiymətlərin artımı praktiki olaraq dəyişməyib. Hətta bəzi kirayə evlərində qiymətin cüzi də olsa azalması müşahidə olunub. Xüsusən də bahalı evlərdə. Amma bizim qiymətləndirməmiz göstərir ki, avqustun ikinci yarısından etibarən kirayə ev bazarında, xüsusən də nisbətən ucuz kirayə evlərdə qiymət artımları müşahidə olunacaq. Nəzərə alsaq ki, yeni qəbul olunan tələbələr Bakıya gəlir. Bu da Bakıda kirayə mənzillərə olan təlabatın artmasına səbəb olur.
Eyni zamanda yeni tələbələrlə yanaşı, öncədən Bakıda oxuyanların bir qismi artıq yeni evlər axtarır. Bu konteksdən qiymətlərin artımı gözlənilir. Qiymət artımı bahalı evlərdə müşahidə olunmayacaq. Çünki tələbələr bahalı evlərə üstünlük vermir. Bu səbəbdən daha çox köhnə tikililərdə 2, 3 otaqlı kirayə mənzillərdə qiymət artımının olması gözlənilir.
Güman edilir ki, sentyabr ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma bu, evlərin yerindən asılı olacaq. Xüsusən də aparıcı universitetlərə yaxın ərazilərdə daha çox qiymət artımı baş verəcək. Mövsumi dəyişiklik olacaq. Bu da artıma səbəb olacaq. Amma bu heç də ciddi qiymət artımlarına gətirib çıxarmayacaq.
Onu da əlavə edim ki, süni şəkildə, xüsusən aparıcı universitetlərə yaxın ərazilərdə kirayə evlər daha çox yüksək qiymətə təklif ediləcək. Bu da bazarda suni qiymət artımlarının yarana biləcəyindən xəbər verir”.
Sevinc Yasinqızı
Rəylər