Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kürdə batan şəxslərin axtarışına SOCAR-ın xüsusi texniki vasitələri cəlb olunub
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, iki nəfərin cəsədi axtarılır.
Bu barədə məlumat Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Bildirilib ki, 2 iyun 2024-cü il tarixində FHN-in "112" qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfərin olduğu avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, həmçinin Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Aparılan intensiv axtarışların nəticəsi olaraq, 9 iyun 2024-cü il tarixində batan üç nəfərdən birinin - 1992-ci il təvəllüdlü Vüqar Rəsul oğlu Cəfərovun meyiti dalğıclar tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər iki nəfərin - 1988-ci il təvəllüdlü Elxan Sakit oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Tural Hüseyn oğlu Quliyevin axtarışları nazirliyin qüvvələri tərəfindən ötən müddət ərzində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq həyata keçirilib.
Son həftələr ərzində yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi və axının sürətinin xeyli artması, sualtı görüntü məhdudiyyəti nəzərə alınaraq, batdığı ehtimal olunan şəxslərin axtarışlarına SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunmaqla axtarış işləri birgə davam etdirilir.
Rəylər