Ailem.az-ın əməkdaşı Vüqar Kamil lalların acınacaqlı həyat şəraitindən maraqlı bir reportaj hazırlayıb.
Oxu.Az həmin reportajı öz oxucularına təqdim edir:
Bura Bakıdakı yataqxanalardan biridir. Digər yataqxanalardan çox fərqlənir. Burada lal-karlar yaşayır.
Karlar Cəmiyyətinin nəzdində olan 9 mərtəbəli bu binada 90-cı illərin əvvəllərindən yaşayış başlayıb. Binada fiziki heç bir əngəli olmayan şəxslər də yaşayır. Onlar Qarabağ köçkünləridir.
Binaya daxil olduqda məni ilk qarşılayan qara pişik oldu. Bununla da heç nəyin düz getməyəcəyini fikirləşsəm də, mənim üçün hər şey yaxşı oldu, onlar üçün isə həmişəki kimi...
Biz lallarla söhbət etmək istədiyimizi deyəndən sonra Leyla xanımla birlikdə binada onları axtarmağa başladıq. İlk rastlaşdığımız oğlan danışmaq istəməyib, əlini yelləyib getdi.
Burada yaşayanların bəzilərinin uşaqları da laldır, amma elələri var ki, uşaqları danışa bilir.
- Sən lallarla danışmaq istəyirsən, onların dilini başa düşürsən?
- Yox.
- Bəs nə soruşacaqsan? Necə danışacaqsan?
- Sizlərdən kimsə kömək edər də.
Leyla xanım bu dialoqdan sonra lalların və köçkünlərin yaşadığı mənzillərə girib çağırmağa başlayır. Bir qapını da mənə göstərib, evdə yaşayan lalı çağırmaq üçün divardakı zəngi vurmaq lazım olduğunu deyir. Ev sahibləri qapının zəngini eşitmədikləri üçün zəngi işıqla əvəz ediblər. Zəngi basdıqda içəridə işıq yanıb-sönür.
Sakinlər dəhlizləri və evlərinin içini göstərib, divarlarının uçduğunu deyir, bizdən isə həmin yerləri çəkməyimizi istəyirlər. Bu vaxt bir cavan oğlan da gəlir. Adı Eldardır. Bizlə danışdıqdan sonra bütün lalları çağırıb, söhbət etməyimizə kömək edəcəyini deyir.
Bir az sonra Eldar bir neçə nəfərlər blokun girişinə gəldi. Amma lallar komendant olmadan danışmaq istəmədiklərini dedilər. Binanın komendantı Almaz xanımla əlaqə saxladıq. O, lalların danışmamaq səbəbini həvəssiz olmaları ilə izah etdi. İndiyə kimi çox media orqanından gəlib reportaj hazırlanıb, sakinlər müsbət bir dəyişiklik gözləsə də, heç bir yenilik olmayıb. Buna görə də daha danışmağa həvəsləri qalmayıb. Almaz xanım şəraitin düzəldilməsi üçün bir neçə dövlət qurumuna müraciət etsə də, nəticə olmadığını dedi. Sonra isə Eldara lalların danışmasını məsləhət etdi.
Bu 9 mərtəbəli binanın lifti uzun müddətdir ki, işləmir. Sakinlər, xüsusilə qocalar buna görə əziyyət çəkirlər. Hətta bundan çıxış yolu kimi divarda yazılan bir elan da diqqət çəkdi:
“Yuxarı çıxıb düşmək 20 qəpik”.
Eldarla binanın ətrafında gəzərək özü haqda söhbət edirik. Atası, anası, əmisi və oğlu lal olsa da, özü və digər 3 qardaşı danışır.
Sakinlər balkonlardan, pəncərələrdən həyətə zibil atır. Bunun qarşısını almaq üçün isə komendant zibil atanın 50 manat cərimə olunacağı elanını ofisin pəncərəsinə yapışdırıb. Pilləkənlərdə bir neçə yerə “bura zibil atanın atasına, anasına lənət” qarğışlarını yazılıb.
Beləcə binanın ətrafına bir dövrə vurub, mərtəbələrlə yuxarı qalxmağa başlayırıq.
Yaxınlıqda park olmadığı üçün uşaqlar elə dəhlizdə oynayır.
Doqquzuncu mərtəbədə yaşayan qadınlar bizi evlərinə dəvət edib, tavanlarını göstərirlər:
“Yağış yağanda birbaşa evin içinə yağır. Qapını örtəndə ev silkələnir. Panellər bir-birindən aralanır”.
Eldarın əmisi Mehman Nəcəfovun evi yataqxanada rastlaşdığımız mənzillərdən ən acınacaqlı vəziyyətdə olanıdır. Mənzilin qapısı həm yataq, həm qonaq, həm də mətbəx kimi istifadə olunan 3 kvadratmetrlik otağa açılır. Bu otaqda çarpayı, soyuducu, televizor, elektrik sobası, qarderob və bir evdə olan digər əşyalar var. Buranın balkonu isə həm tualet, həm hamam, həm də qab yumaq üçün istifadə edilir. Balkon digər universal otağa bitişikdir və onu yalnız taxta qapı ayırır.
Anadangəlmə lal olan Mehman deyir ki, ona iş verilmir. Pensiyası isə 95 manatdır. Lal olması ona məişətdə də problemlər yaradır. Məsələn, marketə gedəndə özü ilə uzun taxta parçası götürür. İstədiyi ərzaqları vitrində göstərək alır. Mehman 20-30 yaş arası 2 oğlu və həyat yoldaşı ilə bu 5-6 kvadratmetrlik universal otaqda yaşayır. Mehmanın arvadı və özü lal olsa da, uşaqları danışa bilir.