Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ləfxanım Mahmudova: “Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq” - FOTO
Ləfxanım... Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi doqquz yaşlı qızcığaz... Ləfxanım ilk müsahibəsini də elə uşaq ikən vermişdi. Onu artıq bütün Azərbaycan tanıyır...
Moderator.az-a illər sonra müsahibə verən Ləfxanım Mahmudova bildirib ki, Xocalı faciəsindən 32 il keçməsinə baxmayaraq, hələ də o illəri dünən olmuş kimi xatırlayır.
“Bu mənim boynumun borcudur ki, hər dəfə o illər, o ağır, əzab-əziyyətli günlərimdən danışım. 26 fevral mənim üçün ən ağır günlərimdən biridir. Xocalıda öz isti yuvamızdan, evimizdən pərən-pərən düşdüyümüz gündür. O gün Xocalı sakinlərinin başına gəlməyən müsibətlər qalmadı. Tək bizim yox, ümumi xocalıdan olanların.. 25-i gecəsi evdə oturmuşduq. Qəfildən atışma başladı. Atam həyətimizdə sığınacaq düzətdirmişdi. Sayımız çox olduğu üçün həmişə atışma olanda ora gedirdik, sakitləşəndən sonra evə qayıdırdıq. 1 saat orada qalmışıq, heç bir atışmadan xəbərimiz olmayıb. Həmin sığınacağın üstü o qədər möhkəm örtülmüşdü ki, səs gəlmirdi. Bizə bir qadın gəlib dedi ki, “evlərimizi yandırıblar, girov götürəni götürüblər, mən də güc-bəla ilə qaçıb gəlmişəm”. Bacım məndən böyük idi. Atam ona dedi ki, “bacın Ləfxanımın əlindən tut, kəndin ortasına qaç”. Mən o ağrını üstündən 32 il keçməsinə baxmayaraq, bu gün də unutmamışam. Orada olmazın müsibətlər gördük, meşələrdə həftələrlə gəzdik, yollar tapa bilmədik.. Sonda erməni əsirliyinə düşdük. “Ən ağır günlərimiz də orada başladı” deyə keçmiş əsir bildirib.
Ləfxanım əsir düşdüyü günü belə xatırlayır.
“9-cu gün qardaşımın hamilə həyat yoldaşı şəhid oldu. Bibim yeriyə bilmirdi, ona görə də güllələndi. Sonra elə oldu ki, yolu, izi itirdik. Uzaqdan Ağdam görünürdü, amma yol tapıb gedə bilmirdik. Yol açıldı, elə bildik ki, Ağdama çatırıq, sən demə erməni postuna girmişdik. Hamısı saçlı, saqqallı dığalar idi. Əllərimi o qədər don vurmuşdu ki, hiss etmirdim. Əsir düşəndə dedilər ki, əllərini yuxarı qaldır. Qaldıra bilməyəndə avtomatın qundağı ilə əllərimə o qədər vurdular ki.. Atam onlara yalvardı ki, məni aparın, nə qədər işgəncə verirsiniz verin, amma qızlara dəyməyin. Ac-susuz idik, yemək, su istəyəndə bizi ölümlə hədələyirdilər. Qardaşım ağacın qabığını əzib mənə verirdi ki, yeyim. Pircamalda bir tövləyə gəldik. Bizdən başqa təxminən 70 nəfər də orada idi. Bir həftə ərzində o qədər işgəncələr verildi ki, kişilərin dişlərini çəkirdilər, gözlərini çıxardırdılar, qulaqlarını kəsirdilər. Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın gözünün altına vurmuşdular, dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Onu bizdən ayırıb Əsgərana aparmışdılar. Mən və qardaşım dəfələrlə atamın yanından keçmişdik, amma bilməmişdik ki, o kişi atamdır. İşgəncələrin əlamətləri üzündə idi. Elə bir işgəncə növü yox idi ki, insanların gözü qarşısında onu etməsinlər. Bir həftədən sonra dəyişdirildik. Milli Qəhrəman Allahverdi Bağırov bizi xilas etdi. Atam Əsgəranda qalmışdı. Anam dedi ki, atan yoxdursa, mən də ora gedirəm, neynirəm onsuz azadlığı?! Allahverdi Bağırov atamın adını və soyadını öyrənib onu da əsirlikdən azad etdi. Əsirlikdən qayıtdığımız vaxt Ağdamda vaqonlarda xəstəxanalar yaratmışdılar. Həmin gün Çingiz Mustafayev bizdən müsahibə götürdü. Mən uşaq idim, amma Çingizi bir vətənpərvər, qəhrəman övlad kimi yadımda saxlamışam. Kaş o sağ olardı, məndən yenidən müsahibə götürərdi. Ailəmizdə beş nəfərin ayağı donvurmadan pəncə hissəsindən kəsilib. Hələ də düşmənin bizə vurduğu ziyanın ağrısını çəkirik”, - deyə o bildirib.
Ləfxanım Mahmudova qeyd edib ki, artıq işğaldan azad olunmuş Xocalıya gedib:
“Məni Xocalıya apardılar. Evimizi tapdım. Yandırıblar. O evdən bizə bir çaydan, bir də qaz sobası qalıb. Həmin o meşələrdə gəzdiyim vaxtlar, ayaqlarımın donvurma anı, erməninin əsirliyində olduğum günlərin hamısı bir kino lenti kimi gözümün önündən gəlib keçdi. Oradan qayıdıb gələndən sonra həftələrlə özümə gələ bilmirdim. Hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayıram. Hazırda bura qarlıdır. Elə bilirəm ki, biz həmin meşələrdə gəzirik. Xocalı faciəsindən sonra qar mənim üçün qırmızı yağır. Öz evimdə tək otura bilmirəm. Yenə də, elə bilirəm ki, o faciənin içindəyəm. Ailəliyəm, üç övladım var. Qızım universitetdə oxuyur, oğlumun biri hərbi xidmətdədir, digəri isə aprel ayında hərbi xidmətə yollanacaq. Uşaqlıq illərimi yaşamadım. Özümün yaşamadığım uşaqlığımı balalarıma arzulayıram”.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər