"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsini şərh edərkən deyib.

O bildirib ki, öz informasiya məkanını, gündəmini və onun keyfiyyətini təyin edə bilməyən ölkə, intellektual və ictimai rəy kontekstində başqa bir dövlətin təsiri altına düşmüş olur:
"Ona görə də Azərbaycanda informasiya sahəsində aparılan islahatlar, "Media Haqqında" Qanuna edilən dəyişikliklər bu reallıqlarla bağlıdır. Hazırda isə biz növbəti mərhələyə qədəm qoyuruq. "Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın fəaliyyətlərinin birləşdirilməsi bu istiqamətdə olduqca aktualdır. Çünki hər iki qurum ümumi informasiya məkanımızda mövcud olan müxtəlif seqmentləri təhlil edir, keyfiyyətini müəyyənləşdirir. Belə olan halda, mərkəzləşdirilmiş qaydada bu funksiya həyata keçirilərsə, daha yaxşı olar. Çünki bu, daha səmərələri və operativ informasiya siyasətinin həyata keçirilməsi üçün yaxşı bir zəmin yarada bilər. Ona görə də mən düşünürəm ki, atılan addımlar qısa müddətdə öz səmərəli nəticəsini verəcək".